14 oktyabr 2024 12:09
296

Gücümüz həmrəyliyimizdir

Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində bir çox vacib mesajlar verildi. Sözsüz ki, bu tarixdə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldılması olduqca tarixi, mənəvi bir hadisə idi. Bu tarixi reallığın açıq ifadəsidir. Çünki Azərbaycan xalqı 90-cı illərin əvvəllərində ölkədə mövcud olan xaos və anarxiyanın qurbanı olmuş torpaqlarımız Ermənistan tərəfindən işğal edilmişdi. Məhz xalqın istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas edib. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev isə doğma xalqına müraciət edərək verdiyi bütün sözlərin hamısını icra edib. Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək, ərazi bütövlüyünü təmin edəcəyinə qoruyacağına əminliyini ifadə edən Müzəffər Ali Baş Komandan hər gün özünün əməlləri ilə bu şanlı tarixi yaxınlaşdırdı. Öz növbəsində Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək böyük inamla hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi.

“İki sahil” xəbər verir ki,  bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın fikrincə, iyirmi bir il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı qarşıya bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılacaq. Məhz Ali Baş Komandan tərəfindən verilən bu vədlərin hər biri ən yüksək səviyyədə yerinə yetirildi. Xalq-ordu-iqtidar birliyi ilə Azərbaycan dünyada yeni bir nümunə yaratdı. Məhz ötən dövr ərzində dövlətimiz gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşımağa başladı. Bunun nəticəsində ötən illər ərzində Ermənistan-Azərbaycan, Qarabağ problemini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Ölkəmizin müstəqil güclü iqtisadiyyatı formalaşdı. Bu illər ərzində əldə edilmiş uğurlar Azərbaycanın bu günki reallığının açıq təzahürüdür. Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün güclü Silahlı Qüvvələr yaradıldı. Məhz bunun nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Eyni zamanda ötən il cəmi 23 saat davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Sözsüz ki, bu qələbələrdə Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi. Bu mənada Xankəndidə Azərbaycan bayrağının ucaldılması tariximizdə əbədi qalacaq. Bu tarixi gün ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyini böyük sevgi və təntənə ilə qeyd etdiyi, “Heydər Əliyev İli” çərçivəsində Onun görmüş olduğu misilsiz işlərin bir daha xatırlandığı bir ildə baş tutdu. Hər bir azərbaycanlının qəlbində yaşayan Ümummilli Liderin 100 illiyini Şuşada qeyd etmək böyük rəmzi məna daşıyırdı. Bu mənada Ulu Öndərin, şəhidlərimizin ruhu şaddır.

Deputat bildirib ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdı. 100 il ərzində xalqımızın bu iddialara görə nə qədər əzab çəkdiyi, ağır sınaqlarla üzləşdiyi hər kəsə bəllidir. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı heç vaxt tarixi sınaqlar qarşısında əyilməyib. Əksinə xalqımızı bu cür hallar daha da mətinləşdirib, birləşdirib, bir yumruq ətrafında cəm olmağa sövq edib. Fakt odur ki, məhz bu gün Azərbaycana ən çox düşmənçilik edən ölkələr 1992-1993-cü illərdə də Ermənistanın yanında idi.

Deputat müəyyən tarixi dönəmlərdə Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilərin dostluq şəraitində birgə yaşadığını söyləyib. Ulu Öndər Heydər Əliyev Sovet Azərbaycanında rəhbərliyə gələndən sonra burada heç bir problem yox idi. Hətta o vaxta qədər Qarabağda olmuş bəzi millətçi qüvvələr geri çəkilmişdi. Ona görə də, 1969-cu ildən 1982-ci ilə qədər heç bir xoşagəlməz hala rast gəlinməmişdi. Nəticədə 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya olmayıb. Məhz 1987-ci ildə Dahi Lider Heydər Əliyev vəzifəsindən kənarlaşdırıldıqdan sonra erməni millətçiləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana verilməsi ilə bağlı iddia qaldırmışdılar. O vaxtkı Azərbaycan rəhbərliyi isə faktiki olaraq vəziyyəti nəzarətdən saxlaya bilməyib qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərmişdi. Bununla da Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlmişdilər, bunlar da xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirib.

Sevinc Hüseynova 1987-1993-cü illərin xalqımızın başına böyük müsibətlərin gəlməsi ilə müşahidə edildiyini bildirib. Nəticədə torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdı. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimiz işğal altına düşdü. Belə bir ağır, çıxılmaz durumda isə Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev dühası oldu.  Bu gün Azərbaycan Ulu Öndərin siyasi strategiyasına uyğun olaraq güclü dövlət, qalib xalq kimi yaşayır. Vaxtilə Azərbaycan xalqına qanlı cinayətlər törətmiş şəxslər, dövlətimizi hədələyən terrorçular bu gün ədalət mühakiməsi qarşısındadır. Vaxtilə qondarma rejimin rəhbərliyində təmsil olunanların bəziləri hazırda Bakıda istintaq təcridxanasındadır. Nəinki onlar Azərbaycan xalqına qarşı cinayət törətmiş hər kəs öz layiqli cəzasını alacaq. Bu gün Azərbaycan xalqı öz istəyinə nail olub. Xalqımızın onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti, tarixi torpaqlarımız geri qaytarılıb, ərazi bütövlüyümüzü bərpa edilib. Ermənistan və onun havadarları, revanşist qüvvələri bu reallığı qəbul etməlidir. Azərbaycanın şanlı Zəfər bayrağı artıq bütün azad olmuş torpaqlarımızda və Xankəndidə dalğalanır. Qələbə Salnaməsinin müəllifi, Prezident, Ali Baş Komandan İlham Əliyev dediyi kimi, Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.