Tarixi Zəfərin, dövlət suverenliyinin bərpa edilməsinin qürurunu yaşayırıq. Azərbaycan xalqının illərdir qəlbində gəzdirdiyi arzuları reallığa çevrildi. Dörd il öncə tariximizin Zəfər səhifəsi yazıldı. Ötən ilin 15 oktyabr tarixində isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı və Xankəndi şəhərindən xalqa müraciət etdi. Bu müraciət 30 illik işğal dövründən bu günədək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatın uğurlarının təqdimatı oldu. Dövlətimizin başçısı Xankəndidən Azərbaycan xalqına müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılmasını qarşıya bir nömrəli vəzifə qoymuşdu. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik.
Ölkəmiz bu illər ərzində daha da gücləndi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Beynəlxalq standartlara cavab verən ordu formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək illərin qətiyyətinin nəticəsi idi. Azərbaycan Qarabağ probleminin həlli bağlı dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edirdi. Bildirirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz.
Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində qeyd edib: “Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı”.
Vətən müharibəsi cəmi 44 gün çəkdi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı. Son dörd ildə bu Zəfərin yaratdığı reallıqları yaşayırıq. Dövlət başçısı İlham Əliyev Zəfərimizi əbədiləşdirmək üçün mühüm addımlar atır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Oktyabrın 17-də Füzuli Şəhəri Gününü qeyd edəcəyik. Dövlət başçısı İlham Əliyev torpaqlarımızın işğaldan azad etdikləri tarixi məhz həmin ərazilərdə qeyd edir. Bu, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Cənab İlham Əliyev ötən il bu tarixdə füzulilərlə məhz Füzuli rayonunda görüşdü, bu günümüz və gələcəyimizlə bağlı çağırışlarını səsləndirdi.
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəliş dövrünü yaşayır. Füzuli tamamilə yenidən qurulur. Dövlət başçısı daim bu məqamı xatırladır ki, Füzuli azad olunanda Bayrağımızı ucaltmaq üçün hərbi hissədən başqa bir salamat bina tapa bilmədik. Hərbi hissənin həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə adamın ürəyi ağrıyırdı. İnsan dəhşətə gəlirdi ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?!
Qeyd etdiyimiz kimi, Füzuli dirçəlir. Prezident İlham Əliyevin digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Füzuli rayonuna da səfərləri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu.
Onu da qeyd edək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək.
Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Hazırda 5 şəhər və 4 kənd sakinlərinə qovuşub. İlin sonuna qədər şəhərlərin sayı 7-yə çatacaq. Belə ki, Xankəndi və Kəlbəcər şəhərləri ilin sonuna qədər sakinlərini qarşılayacaq. Bərpa-quruculuq işlərində dost ölkələrin dəstəyi yüksək qiymətləndirilir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. Bu torpaqlarda soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri ilər görülür. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq: “Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”.
Son dörd ilin uğurları Böyük Qayıdış Proqramının tezliklə tam şəkildə başa çatacağına böyük əminlik yaradır.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri