Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.
Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Günay Nağıyeva,
M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ingilis dili müəllimi