14 oktyabr 2024 11:11
264

Qərəzli mövqe sərgiləyənlər tarixi ədaləti qəbul etmək istəmir

Bildiyimiz kimi Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən  Azərbaycan əleyhinə olan iki qətnamə qərəzli mövqeyin göstəricisidir.  Xüsusilə qeyd etmək lazımdır ki, bu addım bir daha sübuta yetirir ki, Niderland cinayət tərkibli müstəmləkəçilik siyasətini ört-basdır edib, “demokratik” prinsiplər əsasında qərarlar qəbul edir. Azərbaycanın apardığı siyasət beynəlxalq hüquq normalarına, haqq-ədalətə uyğundur ki, bu da dünyanın bir neçə “demokratik” dövləti tərəfindən qəbul olunmur. Necə deyərlər biz öz haqq işimizdə, onlar isə riyakar addımlı mövqeyində qalsınlar. Əlbəttə ki, Niderland, öz ərazilərində – Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında həyata keçirdiyi assimilyasiya siyasətini dayandırmalı, yerli əhalini təqib və zorla köçürmə siyasətinə son verməlidir.

Azərbaycanın dədə-baba torpaqları 30 il işğal altında olan zaman, həmçinin soydaşlarımız soyqırımı aktlarına məruz qalanda dünyanın “demokratik” prinsiplərə əsaslanan dövlətləri susurdu. Bu gün  biz haqq işimizi ədalətlə həll etmişik. Maraqlıdır dünyanın belə dövlətləri nə üçün biz zülmə və işğala məruz qalanda bugünkü kimi mövqe sərgiləmirdi.  Deməli əslində onların şüarı “demokratik” dəyərlər olsa da, fəaliyyətləri qərəzli və riyakarcasınadır.

Bütün hallarda qeyd etməliyik ki, heç kim, heç bir qüvvə Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasətinə, ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyinə və bizim əldə etdiyimiz ədalətli tarixi Qələbəyə kölgə sala bilməz.

İlham Məmmədov,

Milli Məclisin deputatı