Azərbaycanın tarixi və qədim bölgələrindən biri Füzuli rayonudur. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 kvadratkilometrdir.
Bu bölgənin tarixi çox qədimlərə gedib çıxır. Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Füzulinin qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Bu tapıntı Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri Parisin İnsan muzeyində “Avorpanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Hər iki abidə qədim dövrün mədəni abidələri kimi UNESCO-nun siyahısında yer alır.
Füzuli rayonu qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, qeyri-adi flora və faunası, füsunkar təbiəti, mineral maddələrlə zəngin bulaqları ilə də məşhur idi. İşıqlı, Böyük Bəhmənli və Seyidəhmədli kəndlərində yaşı 1400 ilə çatan şərq çinarları təbiət abidəsi kimi mühafizə edilirdi.
1993-cü il avqustun 23-ü Füzuli rayonu ermənilər tərəfindən işğal olundu. 2020-ci ilə qədər rayonun 1993-1994-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. 1994-cü ildə Milli Ordumuzun əks-hücumu nəticəsində Horadiz qəsəbəsi və Füzulinin bir hissəsi işğaldan azad edilib. Dağılan evlər bərpa olunub, sakinlərin bir çoxu yenidən öz ata–baba yurdlarına qayıdıb. 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.
Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən vacib döyüşlərdən biri olub.
Camalxan Xanbutov,
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi ,
YAP Xətai rayon təşkilatının "Neapol 8A" ünvanı üzrə ərazi partiya təşkilatının sədri