14 oktyabr 2024 10:49
270

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb. Bu, cənab Prezidentin apardığı uğurlu xarici siyasətin növbəti qələbəsidir ki, MDB ölkələri, xüsusən də təşkilatın qeyri-rəsmi aparıcı qüvvəsi olan Rusiya bu statusa məhz, Azərbaycanın işğaldan azad edilmiş şəhərinin seçilməsinə etiraz etməyib.

Unutmaq olmaz ki, bir neçə ay bundan öncə keçmiş Laçın Dəhlizində məhz Rusiya sülhməramlıları xidmət aparırdılar. Bu gün isə Rusiya Azərbaycan hərbiçilərinin tam nəzarəti altında olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə səs verir. Bu qərar Laçın sakinləri və ümumilikdə Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanıb.

Həmin iclasda eyni zamanda qərara alınıb ki, 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu xəbərlər həqiqətən də Azərbaycanın MDB məkanındakı nüfuzunun, region ölkələri arasında qazandığı etimad və inamın göstəricisidir. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin məhz MDB dövlətləri olduğunu nəzərə alsaq, Azərbaycanın nə qədər düzgün və məhsuldar xarici siyasət həyata keçirdiyini, bu ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Vətən Müharibəsində maraqlarımıza cavab verdiyini görmüş oluruq.

Laçın uzun illər boyunca qədim Azərbaycan mədəniyyətinin və xalq irsinin daşıyıcısı olmuşdur. Şəhər, folklor, musiqi və sənətkarlıq ənənələri ilə tanınır. Mədəniyyət paytaxtı statusu bu irsi yenidən canlandırmaq və beynəlxalq ictimaiyyətə tanıtmaq üçün böyük imkanlar açır.

İşğal dövründə dağıdılmış abidələrin və tarixi yerlərin bərpası, şəhərin turizm potensialını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılmasına şərait yaradacaq. MDB ölkələrindən gələn qonaqlar və turistlər Laçının mədəniyyət tədbirlərində iştirak edərək şəhərin zəngin irsini tanıyacaqlar. Bu şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsi, Laçının yalnız hərbi qələbə ilə deyil, eyni zamanda mədəni dirçəliş və sülhün simvolu kimi tanınmasını təmin edir. Şəhərin bərpa olunaraq keçmiş məcburi köçkünlərin qayıdışı ilə yenidən canlanması Azərbaycan xalqının öz mədəniyyətinə, torpağına bağlılığının və quruculuq əzminin təcəssümüdür.

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi MDB ölkələri arasında mədəni və humanitar əməkdaşlığı gücləndirəcək, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Burada keçiriləcək festivallar, sərgilər və tədbirlər müxtəlif xalqları bir araya gətirərək qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini dərinləşdirəcək. Bu, həmçinin, Azərbaycanın mədəni diplomatiya sahəsində güclü mövqeyini nümayiş etdirir. Bu status ölkənin mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına, həmçinin Azərbaycanın beynəlxalq mədəni proseslərdə fəal iştirakına imkan yaradacaq. Laçında keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin və adət-ənənələrinin MDB məkanında və ondan kənarda daha da tanınmasına şərait yaradacaq.

Laçın, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış və bu müddət ərzində demək olar ki, tamamilə dağıdılmış şəhərlərdən biridir. Ancaq bu gün Laçın bərpa olunaraq yeni həyatla canlanmağa başlayıb. Bərpa prosesi ilə Laçın Azərbaycan üçün strateji və mədəni əhəmiyyətini geri qazanmaqdadır. Laçın Azərbaycanın qədim tarixi və mədəniyyətinin bir parçasıdır. Şəhər və ətraf bölgə xalqımızın çoxəsrlik irsini, abidələrini və tarixi izlərini qoruyub saxlayan yerlərdən biri olmuşdur. İşğal dövründə bu ərazilərdəki tarixi abidələr dağıdılmış və təbii sərvətlər talan edilmişdi. Laçının azad olunması həmin tarixi və mədəni dəyərlərin bərpasına, yenidən dirçəlməsinə imkan verdi. Həmçinin, Laçın işğaldan əvvəlki dövrlərdə Azərbaycanda çoxsaylı xalqların və müxtəlif dini konfessiyaların birgə yaşadığı tolerant mühitin simvolu idi. Şəhərin yenidənqurulması bu ənənələrin davam etdirilməsi üçün zəmin yaradır.

Laçın şəhərinin azad olunması Azərbaycan xalqı üçün təkcə hərbi və strateji qələbə deyil, həm də milli qürur və kimliyin bərpası deməkdir. Şəhərin yenidən qurulması və burada yeni həyatın başlaması keçmiş məcburi köçkünlərin qayıdışını və Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsini təmin edir. Laçının tarixi əhəmiyyəti həm Azərbaycan xalqının keçmişinə hörmət, həm də gələcək nəsillərə yeni ümidlərin verilməsi ilə bağlıdır.

Pərvanə Vəliyeva,

Milli Məclisin deputatı