Ölkə başçısı müraciətində qeyd etdi ki, artıq dünyada Azərbaycanla hesablaşırlar. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan gücləndi və dünya miqyasında özünə layiq yer tuta bildi. Artıq ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha böyük coğrafiyada böyük məna daşıyır.
İlk dəfə Prezident seçilərkən cənab İlham Əliyev xalqa müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ölkədə güclü iqtisadiyyat və güclü ordu yaradıldı. Məhz Azərbaycanın Zəfərini təmin edən əsas amillərə bunlar da daxildir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artmışdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordunun olması mütləqdir.
15 oktyabr 2023-cü il tarixində Xankəndidən xalqa müraciətində Prezident cənab İlham Əliyev vuğruladı ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, cəmi 23 saat davam edən antiterror tədbirləri ölkəmizin gücünü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Prezident İlham Əliyev həmin müraciətində qeyd edirdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkiliyin olmadığını bildirən ölkə başçısı 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin öz vəzifəsindən kənarlaşdırıldıqdan iki həftə sonra Moskvada oturan erməni millətçisi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsinin qaldırıldığını xatırlatdı. Cəmi altı il Azərbaycanın Heydər Əliyevsiz qalması xalqımız üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Bütün çətinliklərə baxmayaraq artıq Bayrağımız Xankəndidə dalğalanır. Ermənistanın bütün revanşist qüvvələri də bu mövcud reallığı qəbul etməlidir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri