Ehtiyatda olan polkovnik-leytenant İsa İsmayılov: Hadisələrin təhlili onu göstərir ki, sülh prosesinə mane olmaq üçün ermənilər növbəti təxribatlara ciddi hazırlıq görür
Bir neçə gün əvvəl Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidəçi missiyasının Gorus rayonu ərazisində şərti dövlət sərhədinə gəlməsi və xüsusi vasitələr ilə Azərbaycan Ordusunun mövqelərini müşahidə etməsi, foto və video çəkilişlər aparmasıdır. Onların şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilmişdir.
Bu fikirləri ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov “İki sahil”ə açıqlamasında bildirib.
Hərbi jurnalist açıqlamada qeyd edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə bitsə də, bölgədə gərginlik səngimir. Buna səbəb Ermənistanda revanşist qüvvələrin fəallığı və “sülh müqaviləsi istəyən” qonşu dövlətin, yumşaq desək, səmimiyyətdən uzaq və qeyri-adekvat davranışıdır. Eyni zamanda, Azərbaycan tərəfinin çoxsaylı sülh çağırışlarına Ermənistanın biganəliyi və danışıqları müxtəlif bəhanələrlə uzatması da regionda dayanıqlı sülhün təmin olunmasına maneə olur. Həmçinin regiondankənar qüvvələrin pozucu fəaliyyəti, xüsusilə də Fransanın Ermənistanı silahlandırması da bölgədə sülh prosesinə real təhdiddir desək, yanılmarıq. Bir tərəfdən regiondankənar qüvvələrin təhrikindən qidalanan revanşist qüvvələr, digər tərəfdən isə Ermənistanın dövlət səviyyəsində məsuliyyətsiz davranışı Qafqazda vəziyyətin gərgin olaraq qalmasına rəvac verir. Artıq uzun müddətdir ki, Avropa İttifaqının “mülki missiya” adı altında Ermənistan ərazisində yerləşən bəzi dırnaqarası mütəxəssislərin fəaliyyəti diqqət çəkəndir. Şübhəsiz ki, Cənubi Qafqaz kimi strateji cəhətdən vacib və əhəmiyyətli regionda çoxdan arzu olunan davamlı sülhün bərqərar olunması prosesi istiqamətində Azərbaycanın və onun haqlı mövqeyini dəstəkləyən ölkələrin fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və müsbət müzakirələrə səbəb olur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-adekvat davranışı isə yalnız sülh prosesinə əngəl törətmək məqsədi daşımır, bu, eləcə də beynəlxalq qurumlara hörmətsizliyin nümayişidir.
Ehtiyatda olan zabitin fikrincə, son bir neçə ay ərzində baş verənlərdən belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi nə ordusunu idarə edə bilir, nə də erməni cəmiyyətində olan revanşist xülyalı təbəqəyə təsir etmək gücünə malikdir. Hökumət ya bu proseslərə nəzarət etmir, ya da bilərəkdən revanşistlərə meydan verir.
Hərbi jurnalistin fikrincə, Vətən müharibəsindən ötən dövr ərzində Ermənistan dövlətinin davranışı və dövlət rəsmilərinin bir-birinə zidd açıqlamalar verməsi daha çox diqqət çəkən məqamdır. Son 4 il ərzində Fransadan və digər ölkələrdən daxil olan silahların əsasən hücum xarakterli olması tərəfimizdən təhdid və növbəti təxribatlara zəmin olaraq dəyərləndirilir. Əminəm ki, bu məqamlar nəzərə alınır, təhdid və təxribatların qarşısının alınması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür.
Regiondankənar qüvvələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına səbəb olması barədə rəsmi mövqelərin bildirilməsini, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəllərin yaradılmasının Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunun xüsusi vurğulanmasını da ehtiyatda olan polkovnik-leytenant vacib addım olaraq qiymətləndirir.
İsa İsmayılov diqqəti Ermənistan tərəfinin şərti dövlət sərhədinin bütün istiqamətlərində böyük mühəndis-istehkam işlərini yerinə yetirməsinə yönəldib. Bununla bağlı foto və video materiallar ictimailəşdirilib və düşünürəm ki, beynəlxalq qurumlara da təqdim edilmişdir. Belə ki, Ermənistan tərəfi mövqeləri möhkəmləndirir, yeni, uzunmüddətli atəş nöqtələri və digər fortifikasiya qurğuları yaradır, təkcə müdafiə deyil, həmçinin hücum məqsədli möhkəmləndirilmiş döyüş mövqeləri inşa edir, əldə etdiyi hücum silahlarının böyük bir hissəsini şərti sərhədə yaxın ərazilərdə yerləşdirir.
Hərbi mütəxəssis vurğulayır ki, qarşı tərəf bütün bunları guya yalnız müdafiə məqsədilə etdiyini iddia etsə də bu gün hansı beynəlxalq qurum təminat verə bilər ki, Ermənistan ordusu yenidən təxribatlara əl atmayacaq. Vətən müharibəsi zamanı döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən şəhər və kəndlərimizə raket-artilleriya zərbələri endirən, mülki sakinlərimizi qətlə yetirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmədiyini artıq sübut etmişdir. Qarşı tərəfin təxribatları yeni döyüş toqquşmalarına səbəb ola bilər. Hadisələrin təhlili onu göstərir ki, sülhməramlı proseslərə mane olmaq üçün ermənilər növbəti təxribatlara ciddi hazırlıq görür.
Hərbi jurnalist açıqlamasında qeyd edib ki, təəssüf doğuran odur ki, bütün bu proseslər Avropa İttifaqının müşahidəçi missiyasının gözü qarşısında baş verir, eyni zamanda, dünyanın aparıcı dövlətləri və qurumları tərəfindən buna reaksiya verilmir, ədalətli mövqeyimizi dəstəkləyən və Ermənistanı beynəlxalq qanunlara zidd əməllərdən çəkinməyə çağıran, qınayan açıqlamalar səsləndirilmir ki, bu da ikili standartlar çərçivəsində yanaşmanın təzahürüdür.
Ehtiyatda olan zabit vurğulayır ki, Ermənistan hərbi siyasi rəhbərliyi müxtəlif planlar cızaraq, hətta təxribat xarakterli məlumatlar yaymaqla bölgəyə daha çox diqqət cəlb etməyə can atır. Görünən odur ki, nə regiondankənar qüvvələrin, nə də onların dəstəyindən “qidalanıb cəsarətlənən” revanşist təbəqə üçün sadə ermənilərin taleyi, gələcək firavan və təhlükəsiz həyatı maraqlı deyil. Sadə Ermənistan əhalisinin taleyi regiondankənar qüvvələrin oyunları və bölgədə maraqlar uğrunda gedən mübarizədə bir bəhanədir.
Ehtiyatda olan zabitin fikrincə, Ermənistan tərəfinin Azərbaycanın irəli sürdüyü sülh təkliflərinin icrasını ləngitməsinin, sülh müqaviləsinin imzalanmasını süni şəkildə gecikdirməsinin və bəzi beynəlxalq qurumlardan vasitə kimi istifadə etməyə çalışmasının arxasında ermənilərin məkrli planlarının, hər hansı növbəti bir hiyləsinin olduğu qənaətinə gəlmək olar: "Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin mövqeyi bəllidir, qətidir, ədalətlidir, səmimidir.
Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasında, sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasında maraqlıdır, israrlıdır. Çünki sülhün bərqərar olması nəticəsində gərginlik səngiyəcək, kommunikasiyalar açılacaq, bölgədə ədavətə son qoyulacaq, xoşməramlı təşəbbüslər həyata keçiriləcək, işğalçılıq siyasəti bitəcək və insanlar təhlükəsiz, firavan həyat sürmək imkanı qazanacaqdır.”