Füzuli rayonunun ərazisində 3 su anbarı var - Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay. Milyonlarla kubmetr su tutumu olan bu anbarlardan işğal müddətində Azərbaycan tərəfi istifadə edə bilməyib. Təkcə Aşağı Köndələnçay anbarının su tutumu 62 min hektar ərazini suvarmağa imkan verib. Amma erməni işğalçıları 30 il orada ekoloji terror törədiblər. Təsərrüfatın suya ehtiyacı olduğu müddətlərdə suyun qarşısını kəsiblər. Suya gərək olmayan mövsümlərdə isə anbardan suyu buraxaraq ciddi ziyan törətməkdən həzz alıblar.
İşğaldan azad olduqdan sonra Prezident İlham Əliyev Köndələnçay su anbarında olarkən bu məsələlərə diqqət çəkərək demişdi: "Bu su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır".
2024-cü il mayın 10-da artıq Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak etdi. Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirildi. Məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılması idi.
Layihəyə torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi daxildir.
1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr , hündürlüyü 23,35 metrdir. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır. Daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub. Həmçinin birmərtəbəli gözətçi evi və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi, su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Qeyd olundu ki, ümumi su tutumu 9,5 milyon kubmetr , hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib. Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək.
Gülnarə Həsənova,
48 saylı məktəbin müəllimi