Şuşa Vətən müharibəsinin Qələbə simvolu idisə Xankəndi suverenlik simvolu sayılırdı. Bu baxımdan işğal altında olan Xankəndinin düşmən tapdağından təmizlənməsi zamanın tələbi idi. 15 oktyabr 2023-cü ildə Azərbaycan Cənab Prezident İlham Əliyevin imzası ilə öz suverenliyinə qovuşdu. Bu qətiyyətin, bu gərgin əməyin və xalq-iqtidar birliyinin tərənnümü idi.
Cənab Prezident çıxışında bir sıra məqamlara toxunmaqla yanaşı öz andına sadiqliyi nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaldan zaman çıxışında bunları qeyd etmişdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Bu gün artıq Xankəndidə tələbələrimiz təhsil alır. Burada həyat yenidən canlanır. Dövlət başçısı bu müddət ərzində Xankəndiyə bir neçə dəfə səfər edib. Bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib. Dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə beynəlxalq ictimayyətə ismarıc göndərdi: “XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar”.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı