Dünyadakı münaqişələrə birtərəfli yanaşmada BMT Baş Assambleyası tək deyil. Belə ki, Niderland parlamentinin hazırladığı proqramda Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” adlandırılır. Bədnam qətnamədə Azərbaycan, həmçinin “etnik təmizləmə və mədəni irsə ziyan vurmaqda” ittiham olunur.
“İki sahil” xəbər verir ki, bu barədə tanınmış politoloq və siyasətçi, İsrailin keçmiş rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara ölkəsinin populyar “Israel HaYom” nəşrində dərc olunmuş “BMT Baş Assambleyası və Niderland: münaqişənin həllinə mane olan eyni yolun iki yolçusu” sərlövhəli məqaləsində yazıb.
Müəllif Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparıldığı və şübhəsiz ki, ümidverici nəticələrin əldə edildiyi indiki dövrdə Niderland parlamentində belə bir sənədin ortaya çıxmasını siyasi ehtiyatsızlığın və məsuliyyətsizliyin bariz nümunəsi adlandırıb. Təəssüf hissi ilə bildirilib ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi 30 ildə Niderland parlamentinin üzvləri bir dəfə də olsun səslərini çıxarmayıblar. Ötən müddət ərzində işğalçıları açıq və ya gizli dəstəkləyən niderlandlı deputatlar bu gün uzun illərdir münaqişədə olan iki dövlət arasında münasibətlərin normallaşması prosesinə xələl gətirən hərəkətləri təqdir edirlər.
Politoloq Ermənistandan və vaxtilə işğal olunmuş Azərbaycan ərazilərindən azərbaycanlıların qovulmasına, eləcə də Azərbaycan mədəni irsinin kütləvi şəkildə məhvinə göz yuman Niderland parlamentinin indi kökündən böhtan xarakterli mövqe nümayiş etdirməsinə diqqət çəkib. İki ölkə arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atıldığı bir vaxtda xarici dövlətlərin zərərli müdaxiləsini yolverilməz adlandırıb.