11 oktyabr 2024 18:57
353

Ermənilərin səslərini qazanmaq istəyən Adam Şiff Azərbaycanın ABŞ-a etdiyi yaxşılıqları qiymətləndirmir

ABŞ Əfqanıstanda Talibana qarşı vuruşanda da, oradan geri çəkiləndə də həmişə Azərbaycanın dəstəyini, köməyini görüb. Adətən ABŞ bu cür yaxşılıqlara görə müttəfiqlərinə öz minnətdarlığını bildirir. Üstəlik həmin müttəfiq Ukraynada müharibə getdiyi bir vaxtda Avropanın enerji təhlükəsizliyinə yardım əli uzadır. Amma Kaliforniyadan Nümayəndələr palatasına seçilmiş Demokrat partiyalı Adam Şiff Azərbaycanın ABŞ və Avropa üçün etdiklərini qiymətləndirmir. Hətta ABŞ-ın müttəfiqlərinə ehtiram göstərmək kimi bir dəyərini heçə sayaraq seçki günü ermənilərin səslərini qazanmaq dərdi çəkir.

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “ABŞ-ın əsl müttəfiqinin müdafiəsi üçün ayağa qalxmaq” sərlövhəli məqaləsində yazıb.

Bildirilib ki, bu yaxınlarda Nümayəndələr Palatasının üzvü Adam Şiff ABŞ-dakı Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib. Bununla da, erməni seçicilərin səslərinə Amerikanın milli maraqlarından daha artıq dəyər verdiyini nümayiş etdirib.

Məqalədə amerikalıları Adam Şiffi terrorizm və dini radikalizmlə mübarizədə ABŞ-ın müttəfiqi olan Azərbaycanı hədəf almasına görə qınamağa çağıran politoloq qeyd edib: “ABŞ yaxşı olardı ki, Kaliforniyada ermənilərin səsini qazanmaq üçün keçmişdə Amerikaya dəstək verən müttəfiqlərini özündən uzaqlaşdırmasın. Axı, Amerikanın milli maraqları istənilən lobbidən əvvəl olmalıdır”.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.