Dövlət başçısı İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasında səfərdə oldu. Hər bir səfər mahiyyətindən asılı olmayaraq ölkələr arasında əlaqələrin inkişafında, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın MDB ilə yanaşı, ona üzv olan dövlətlərlə də əməkdaşlığı yüksək səviyyədədir və belə tədbirlər əlaqələrdə yeni səhifə açır.
Prezident İlham Əliyevin tədbirdə iştirakı, eyni zamanda, çıxışı bir daha Azərbaycanın son illərdə beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini nümayiş etdirdi. Bu gün Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin yaratdığı reallıqlar əsasında söz sahibliyini daha da artırır, hər bir məsələ ilə bağlı mövqeyinin regionda və dünyada böyük önəm kəsb etdiyini nümayiş etdirir.
Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan-Rusiya münasibətləri bu dövlətlərin başçıları İlham Əliyevın və Vladimir Putinin siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Bu əlaqələr dərin köklərə malikdir. Dövlət başçılarının şəxsi dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu əməkdaşlığın möhkəm təməlinin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri böyükdür. Ümummilli Liderin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Prezidentlərin qarşılıqlı səfərləri əlaqələrimizi daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu mühüm addım Azərbaycanın MDB məkanındakı nüfuzundan, həmçinin dost və qonşu ölkələr olan Azərbaycanla Rusiya arasında əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir. Qürurvericidir ki, bu gün Azərbaycan işğaldan azad edilmiş əraziləri ilə dünyanın diqqətindədir. Bu torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-qurculuq işləri Azərbaycanın təkmil dirçəliş modelini, müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı reallıqların dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq. Laçın şəhəri sakinlərinə qovuşan, hazırda həyatının yeni mərhələsini yaşayan şəhərlərimiz sırasındadır. Bu tarixi şəhərimiz gələn il daha çal-çağırlı, qonaqlı-qaralı olacaq. MDB-nin mədəniyyət paytaxtı kimi silsilə tədbirlərə ev sahibliyi edəcək. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Növbəti ildə həm də Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Göründüyü kimi, atılan addımlar, nəzərdə tutulan tədbirlər Azərbaycanın malik olduğu imkanların təqdimatında öz sözünü deyir. Bunun üçün Azərbaycanın idman ölkəsi kimi bu günədək ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda keçirilən tədbirlərin ölkələr arasında körpü rolunu oynadığını, əlaqələrə yeni çalarlar gətirdiyini görərik.
Bu gün Azərbaycan daha mötəbər tədbirə-COP29-a hazırlaşır. Bu tədbir bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun aydın mənzərəsini yaradır. Prezident İlham Əliyev bildirdi ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.
Ümumilikdə Azərbaycanla MDB və ona üzv olan dövlətlər arasında əlaqələr möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan və Rusiyanın keçmiş İttifaqda təmsil olunmalarından başlanan dostluq əlaqələrinin müstəqillik dövründə, xüsusilə 1993-cü ildən bu yana möhkəmləndirilməsində imzalanan çoxsaylı sənədlər öz sözünü deyir. Bu sənədlərin hər biri ayrı-ayrı sahələrin inkişafına xidmət etməklə yanaşı, əməkdaşlığımızda hüquqi baza rolunu oynayır. 2022-ci ildə Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdi.
Sözügedən tədbirdə İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciət qəbul edildi. Prezident İlham Əliyevin bununla bağlı çıxışında bu mühüm məqam xüsusi vurğulandı ki, Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Hər bir tədbir əlaqələrin gələcək inkişafına xidmət edən addımlarla diqqətdə olur. Bu baxımdan Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü, müzakirə olunan məsələlər, dövlətimizin başçısı İlham Əliyevin iclasda çıxışında səsləndirdiyi çağırışlar münasibətlərimizdə qarşılıqlı etimad mühitinin daha da möhkəmləndrilməsi əhəmiyyətli rol oynayacaq. Bu səfər ölkələrimizin və xalqlarımızın dostluğunun növbəti ifadəsi kimi dəyərləndirilir.
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi