11 oktyabr 2024 14:06
341

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi qərarı ölkəmizin yüksək nüfuzunun göstəricisidir

“Azərbaycan Respublikası MDB çərçivəsində fəal siyasət həyata keçirir. Ölkəmiz təşkilatın iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə də üstünlük verir. Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi önəmini dəyərləndirir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ötən dövrdə MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. Quruma daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərib. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə birliyin hüquq-müqavilə bazası möhkəmlənib.

Millət vəkilinin sözlərinə görə, oktyabrın 8-də Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı dövlətimizin bu beynəlxalq platformaya verdiyi önəmin göstəricisidir. Təqdirəlayiq haldır ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Sevinc Fətəliyeva qeyd edib ki, MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini humanitar-mədəni sahə təşkil edir. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. Ötən dövrdə MDB çərçivəsində humanitar sahədə əməkdaşlığın möhkəmlənməsini hədəfləyən, gənclər siyasətinə aid, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırılması müsbət haldır. Bu baxımdan, növbəti il Azərbaycanda III MDB Oyunları keçirilməsi haqqında qərarın verilməsi də təşkilat çərçivəsində ölkəmizin yüksək nüfuzunun göstəricisidir. Belə ki, 2025-ci ildə Gəncə şəhəri idman paytaxtına çevriləcək.

“MDB dövlət başçılarının zirvə görüşündə COP29-un ölkəmizdə keçirilməsinə bir daha dəstək ifadə olunub. Eləcə də, sammitdə 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciət qəbul olunub. Prezident İlham Əliyev çıxışında azərbaycanlıların bu qələbədə xüsusi rol oynadığını vurğulayıb. Belə ki, həmin dövrdə Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar qələbənin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edir”,-deyə deputat vurğulayıb.