11 oktyabr 2024 11:24
287

15 oktyarda Xankəndidə ucaldılan üçrəngli bayrağımız ölkəmizin suverenliyinin tamamilə bərpasının təsdiqidir

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin oktyabrın 15- də Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla dünyaya  bir daha bəyan etdi ki, Azərbaycan dövləti öz suverenliyini tamamilə bərpa etdi.    Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Ona görə ki, biz  xalq, dövlət olaraq bir nömrəli problemimizi həll etdik. Erməni separatizminin kökünü kəsdik, Qarabağı terrorçulardan təmizlədik. Şuşada, Xocalıda, Xankəndidə - bütün Qarabağda, Şərqi Zəngəzurda  bayrağımızı qaldırdıq, hakimiyyətimizi, nüfuzumuzu bərpa etdik. Hazırda Qarabağda geniş quruculuq, tikinti işləri həyata keçirilir. Qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı təmin edilir. Hər gün Bakıda və digər bölgələrdə olan məcburi köçkünlərimiz Füzuliyə, Laçına, Zəngilana, Şuşaya, Cəbrayıla yola salınır, evlərinin açarları onlara təhvil verilir. Sevinc göz yaşları içərisində izlədiyimiz bu görüntülər bizdə gələcəyə böyük ümid, inam yaradır.

 Prezident İlham Əliyev Xankəndində çıxışında dedi: «Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi…»

Bu kəlmələr bütün azərbaycanlıların düşüncələrini Vətən müharibəsinə bir daha köklədi. Bu da məmləkətin qüruru oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında sonra dedi: «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın».

Müzəffər Ali Baş Komandanımız Xankəndidəki dəyərli çıxışında tarixi Zəfərdən sonrakı siyasi proseslərə də, hərbi əməliyyata da diqqəti çəkərək qondarma Dağlıq Qarabağ Respublikasının ideoloqlarının, rəhbərlərinin qanuni taleyindən də söz açdı: «Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında...»

Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmiz güclü dövlətə çevrilib, qüdrətli Ordumuz var. İndi dövlətimizin qətiyyətli mövqeyi,  nəinki bölgədə, daha da qlobal coğrafiyada böyük məna daşıyır. Ölkəmizin başçısının da dediyi kimi, «Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik».

Nazimə Şamıyeva,
YAP Füzuli  rayon təşkilatının sədri