11 oktyabr 2024 02:59
372

Paşinyanı üçtərəfli görüşdən yayınmağa nə vadar etdi?

Ermənistanın MDB məkanındakı mövqeləri sürətlə zəifləyir

Prezident İlham Əliyevin Rusiyaya davamlı rəsmi və işgüzar səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin göstəricisidir. Ölkəmizin başçısı vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsət yaranıb. Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyev tərəfindən iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. Ölkəmizin başçısı bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib: « Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar». 

Həmçinin Prezident İlham Əliyev iclasdakı çıxışı  zamanı bildirib ki,  növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Xalqımızın sevincinə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda ciddi narazılığa səbəb olub. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Təbii ki, haylarında iddia etdiyi kimi, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclasından öncə  Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin birgə görüşləri də planlaşdırılmışdı. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin müzakirəsi gözlənilirdi. Lakin Ermənistan tərəfi Rusiyanın vasitəçiliyindən imtina etdi. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün baş tutmaması barədə qısaca bunları deyib: «Biz üçtərəfli görüşlə bağlı razılığa gəlmədik. Belə bir fikir var idi, lakin tərəflərdən biri dəstəkləmədi». Uşakov dəstəkləməyən tərəfin  Rusiya olmadığını deməklə, eyhamı Ermənistana vurub. Məlumdur ki, bir gün əvvəl Moskvada MDB ölkələrinin XİN başçılarının görüşü də olub. Bu tədbirdə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ayrıca görüş nəzərdə tutulsa da reallaşmayıb.

Bu bir reallıqdır ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının Qərb platformaları çərçivəsində aparılmasına tərəfdardır. Paşinyan  Moskvanın vasitəçiliyini hər cür bəhanə ilə rədd edir.  Ermənistanın sülh danışıqlarında Qərb vasitəçilərinin iştirak etməsinə üstünlük verməsinin səbəbi ona dəstək verəcək xarici havadarlara ehtiyac olması ilə bağlıdır.

Həmçinin Ermənistan bu yolla Azərbaycan üzərində təzyiqlərin artırılmasını istəyir. Həm Avropa ölkələri, həm də ABŞ bu gün də İrəvanı Rusiyaya iqarşı çıxmağa təhrik edir. Azərbaycan dövləti isə Fransa istisna olmaqla, istənilən ölkənin sülh vasitəçiliyinə (burada söhbət Gürcüstanın və Qazaxıstanın vasitəçliliyindən gedir)  normal yanaşır.

Moskva görüşlərində Putinin Paşinyana şirnikləndirici vədlər verərək Ermənistanı Qərb oriyentasiyasından çıxarmağa çalışdığı da aydın görünür. Eyni zamanda, Rusiya istəyir ki, Paşinyanı Zəngəzur dəhlizinə Azərbaycanın istədiyi və tələb etdiyi kontekstdə razı salsın. Putinlə Paşinyanın görüşündə müsbət atmosferin yaradılmağa çalışılması İrəvanın Moskvanın tələbləri və şərtləri qarşısından tam qaça bilmədiyini göstərir. Ekspertlərin də bildirdiyi kimi, əgər Ermənistanla Rusiya arasındakı iqtisadi- ticari əlaqələr bitsə bu, haylar üçün fəlakət olacaq.

Rusiya Prezidenti Paşinyanla görüşündə bildirib ki, 2023-cü ildə Rusiya və Ermənistanın ticarət dövriyyəsinin dəyəri 7,4 milyard ABŞ dolları təşkil etdiyi halda, 2024-cü ilin I yarısında bu rəqəm 8,3 milyard ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur. O, vurğulayıb ki, əməkdaşlıq bu templə irəliləsə, ilin sonuna göstərici 14-16 milyard dollar təşkil edəcək. Putinin sözlərinə görə, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur. Yəni, bu gün Ermənistanda Rusiyayönümlü investisiyanın ümumi həcmi 4 milyard dollardır. Əslində, Kreml sahibinin Paşinyanın üzünə qarşı  bu rəqəmləri söyləməsi o deməkdir ki, həddinizi bilin, əlimizi üstünüzdən çəksək ölkənizin iqtisadi iflası qaçılmaz olacaq.

Elçin Zaman, «İki sahil»