Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri yaddaqalan olub. Bu, bir reallıqdır ki, Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik tarixə əsaslanır. Məhz bu əsaslar üzərində qurulan münasibətlər dinamik şəkildə inkişaf edir. Məhz bu konteksdə Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Prezidentinin isə ölkəmizə səfərləri hər zaman böyük maraqla qarşılanır.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat qeyd edib ki, dövlətimizin başçısı MDB Dövlət Başçıları Şurasının iclasında Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirdiyindən, balanslaşdırılmış xarici siyasət kursunu uğurla həyata keçirməsindən bəhs edib: “Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin iki ölkə münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqi olduğu vurğulanıb. Bu kontekstdə iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcək münasibətlər üçün mühüm amil olduğu önə çəkilib. Cənab İlham Əliyev, həmçinin növbəti il MDB-yə sədrlik edəcək Tacikistan prezidenti Emoməli Şərifoviç Rəhmona uğurlar arzulayıb. Eyni zamanda, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin xüsusi önəminə toxunulub. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olub. Şəhər ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmışdı. Artıq öz azadlığına qovuşan Laçın şəhəri bərpa olunur. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz evlərinə qayıdırlar. Bu mənada Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlətimizin başçısı çıxışında məhz bu amillərə diqqət çəkərək Azərbaycanın tərəfdaş ölkələrlə hər zaman yüksək münasibətlər qurduğunu vurğulayıb”.
Deputat, həmçinin növbəti il Azərbaycanda III MDB Oyunları keçirilməsinin də önəminə toxunulduğunu söyləyib: “III MDB idman yarışlarının Gəncə şəhəri ilə yanaşı, Azərbaycanın 10-dan çox şəhərində keçirilməsinin əhəmiyyətindən bəhs olunub. Prezident İlham Əliyev, həmçinin bir aydan sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-la bağlı görülən işləri dövlət başçılarının diqqətinə çatdırıb. Azərbaycanın məhz 200-ə yaxın ölkənin dəstəyi ilə bu konfransa ev sahibliyinin ölkəmizə olan yüksək hörmət və ehtiramın bariz nümunəsi olduğu qeyd edilib. Cənab İlham Əliyev, eyni zamanda MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti barədə fikirlərini bölüşüb. Azərbaycanın bu qələbəyə vermiş olduğu mühüm töhfələrdən bəhs olunub. Azərbaycanlıların da bu qələbədə böyük qəhrəmanlıq və sücaət göstərdiyi qeyd edilib. Bu mənada 9 May Qələbəsi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili kimi qiymətləndirilib. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir. Sözsüz ki, ölkəmiz bundan sonra da qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi üçün öz töhfəsini verəcək”.
Sevinc Hüseynova Prezident İlham Əliyevin səfər zamanı “Rossiya-1” televiziya kanalına müsahibədə mühüm mesajlar verdiyini bildirib: “Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunulub. Bu xüsusda ABŞ-ın ölkəmizə qarşı əsassız sanksiyalarının mahiyyətindən bəhs edilib. Təbii ki, bu sanksiyalar qeyri-qanuni və əsassızdır. Daha çox Amerikada uzun on illiklər boyu lövbər salmış, bu ölkənin siyasi sisteminə nüfuz etmiş erməni lobbisinin növbəti məkrli planıdır. Azərbaycan haqlı olduğu halda ABŞ Konqresinin bu kimi məsələlər üzərindən qarayaxma kampaniyası aparmasının yolverilməzliyi də dövlət başçısının müsahibəsində öz əksini tapıb”.