Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin iştirak ilə Əhmədoba kəndində növbəti səyyar qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, səyyar qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak edib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, kəndlərin qazlaşdırılması, suvarma kanallarının təmizlənməsi, rabitə, internet və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Əhmədoba kəndində “Yaşıl dünya naminə həmrəylik ili“ çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri Əhmədoba kənd tam orta məktəbinin ərazisinə yeni ağaclar əkiblər.