03 oktyabr 2024 17:13
363

Azərbaycanla İƏT arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə oktyabrın 3-də Azərbaycan Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) katibliyinin icraçı direktoru professor Nura Zaid Alrşoudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə fikir mübadiləsi aparılıb.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İslam Əməkdaşlıq Təşkilatına üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Məhkəmələrinin Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlıq edir. 44 günlük Vətən müharibəsindən bəhs edilərək vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib.

F.Abdullayev 2021-ci il sentyabrın 23-25-də İƏT MDİHK nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarına səfər edərək faktaraşdırma missiyasının həyata keçirməsi ilə bağlı tərtib olunmuş məruzəni yüksək qiymətləndirib.