Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplərin (Methane Guiding Principles, MGP) həyata keçirilməsində fəal iştirak edir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın departament rəhbəri Mustafa Qurbanlı “Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" adlı panel sessiyasında deyib.
O vurğulayıb ki, bu proqram çərçivəsində SOCAR BP şirkəti ilə fəal əməkdaşlıq edir: "Biz BP-nin də Azərbaycanda bu layihə üzrə işlədiyini gördükdə birlikdə fəaliyyət göstərməyi qərara aldıq".
M.Qurbanlı xatırladıb ki, SOCAR artıq 2035-ci ilə qədər emissiyaların səviyyəsinin azaldılması öhdəliyini götürüb: "Biz Azərbaycanda digər şirkətlərin, xüsusilə kiçik və orta neft-qaz operatorlarının da bu öhdəliklərə qoşulmasına, eləcə də 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün lazımi addımlar atılmasına çalışırıq".
Onun sözlərinə görə, SOCAR məlumatların emalının avtomatlaşdırılması üçün süni intellekti tətbiq etməyə çalışır.
"Biz bütün ölçmə, hesablama, məlumatların emalı prosesinin avtomatlaşdırılması üçün süni intellekti sistemimizə tətbiq etməyə çalışırıq. Beləliklə, özümüz öyrənərək bu məlumatları tərəfdaşlarımıza ötürməyə çalışırıq", - SOCAR-ın departament rəhbəri bildirib.