Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir.Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.
Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dvidendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramı vardır
Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilə dəyişib. Dəyişməyən yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramıdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.
Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyisevgidir.
Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Liderin illər öncə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
Bütün ömrünü doğma Vətəninə və xalqına həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən dahi şəxsiyyətin vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, 30 illik işğala hərbi-siyasi yolla son qoyuldu. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada,Xankəndində dalğalanmağa başladı. Bu gün Ulu Öndərin ruhu şaddır.
Azərbaycan intibahının müəllifi
Ulu Öndərin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövrü Azərbaycan tarixinə milli dirçəliş və intibah dövrü kimi yazılıb.
Heydər Əliyev hələ sağlığında əfsanələşmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla danışır,
Heydər Əliyev yolu Azərbaycanı inamla irəli aparır
Ulu Öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın yollarını işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir.
Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.
Vəcihə Həşimova,
S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü