20 sentyabr 2024 12:38
66

ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır.

“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Bu vahid platforma müxtəlif rəqəmsal sistemləri inteqrasiya edə bilərdi. Layihədə iştirak edən ölkələr bu istiqamətdə rəqəmsallaşma ilə bağlı fərqli səviyyələrdə yerləşirlər. Bu isə məlumat mübadiləsi və yüklərin izlənilməsinə dair vahid sistemin tətbiqini çətinləşdirir. Vahid rəqəmsal platformanın olmaması nəticəsində iştirakçı ölkələr arasında koordinasiya ciddi şəkildə qəlizləşir. Bu isə bütün səviyyələrdə tədarük zəncirlərində gecikmələrə səbəb olur", - deyə o qeyd edib.