17 sentyabr 2024 10:09
121

Gəncə Dövlət Universitetinin yeni tədris binası istifadəyə verilib

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin başlanması və Bilik Gününə həsr edilən tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən universitetin rektoru Yusif Yusibov yeni tədris ilinin başlanması münasibəti ilə əməkdaşları və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb. Həmçinin 2024/2025-ci tədris ilində GDU-da təhsil alacaq I kurs tələbələrinə uğurlar arzulayıb. Rektor son illər universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının ilbəil artıdığını xüsusi vurğulayıb. Onu da bildirib ki, bu tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə isə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək universitet rəhbərliyini, professor-müəllim heyətini və tələbələri təbrik edib, gənclərin biliklərə yiyələnməsi üçün ölkəmizdə yaradılan əlverişli imkanlardan ətraflı danışıb. Yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün gənclərə Gəncə Dövlət Universitetində mövcud potensialdan faydalanmağı tövsiyə edib.

Tədbirdə 645 bal ilə universitetin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına qəbul olan Tovuz Hüseynova ali təhsilini Gəncə Dövlət Universitetində alacağı üçün fəxr etdiyini dilə gətirib.

Tələbə valideyni Türkan Cəlilova gənclər üçün yaradılan şəraitə və imkanlara görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirin davamında GDU-ya yüksək balla qəbul olan gənclərə hədiyyələr təqdim edilib.

Daha sonra Gəncə Dövlət Universitetinin VI tədris binası istifadəyə verilib. Rektor Yusif Yusibov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək yeni istifadəyə verilən VI tədris binasının professor-müəllim heyəti və tələbələr üçün böyük töhfə olacağını bildiriblər. Çıxışlardan sonra Gəncə Dövlət Universitetinin inkişafı və tərəqqisində xidmətlərinə görə təmir-tikinti şirkətinin iş icraçısı Çingiz Yusifova və mühəndis Ələddin Həsənova fəxri fərman təqdim edilib.

Sonra yeni təmir olunan tədris binasına baxış keçirilib. Bildirilib ki, Riyaziyyat-informatika fakültəsinin tələbələri üçün nəzərdə tutulan binada təlim-tədrisin təşkilinə hərtərəfli şərait yaradılıb. İkimərtəbəli binada 16 auditoriya, akt zalı, beş kompyuter otağı, kitabxana və oxu zalı, sanitar qovşaq, istilik sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya və internet xətləri, avadanlıqlar və yanğınsöndürmə sistemi yenilənib. Təhlükəsizlik kameraları quraşdırılıb.

Binanın həyətində xüsusi abadlıq işləri həyata keçirilib, tələbələrin dərsdənkənar və asudə vaxtlarının keçirməsi üçün xüsusi şərait yaradılıb, idman meydançası salınıb.