11 sentyabr 2024 12:15
198

Ünvanlı sosial yardımın əlçatanlığı asanlaşdırılıb

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasına dövlət tərəfindən göstərilən pul yardımıdır. Eyni zamanda, onun təyinatında orta aylıq gəlirlər də bir meyar kimi götürülür. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

Ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur.

Əgər bir neçə ay əvvələ qədər ünvanlı sosial yardım almaq üçün çox ciddi bürokratik əngəllər var idisə artıq onların bir çoxunun aradan qaldırılmasına başlanılıb. Belə ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı dövlət sosial yardımın təyinatında önəmli  dəyişikliklər olub.  Bu addım  ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılmasına daha geniş şərait yaradacaq. Belə ki, nazirliyin  «Ünvanlı yardım» elektron sistemi yenidən qurulub. Bununla da yardımın təyin edilməsindəki bəzi çatışmazlıqlar və bürokratik əngəllər aradan qaldırılmış olacaq.

Yeni yaradılan sistemə görə,  ünvanlı yardım üçün müraciət edən şəxslərdən əvvəlki  qaydalardan fərqli olaraq bir çox məlumatların qeyd edilməsi tələb olunmayacaq. Bunlar aşağıdakılardır: Ailə üzvlərinin  pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri,- sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması,  əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqavilənin olması… Bura, həmçinin üç yaşadək uşağa qulluq etməsi, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması da aiddir.

Dəyişikliyə görə, həmin informasiyalar  artıq vətəndaşdan deyil, müvafiq qurumların informasiya-baza sistemlərindən əldə olunacaq. Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb.

Eyni zamanda, müraciət edən ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. «Ərizə-bəyannamə»də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq. Yəni, indiyə qədər yardım üçün müraciət edən şəxs bu məlumatları təqdim edərkən adi texniki səhvə yol verərdisə, ƏƏSM-in köhnə sistemi onu müraciət etmək hüququndan məhrum edirdi.

Təbii ki,  vətəndaşların rahatlığını, rifahını təmin edən addımlar müsbət qiymətləndirilməlidir. Yəni, bundan sonra sosial yardım üçün müraciət edən ailələr bürokratik əngəllərlə, o cümlədən lüzumsuz sorğu və suallarla üzləşməyəcəklər. Ümumiyyətlə, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkə idarəetməsindəki innovativ metodlar imkan verir ki, vətəndaşların sosial durumu, səhhəti ilə bağlı məlumatlar tamamilə elektronlaşdırılsın.

Yəni, ölkə vətəndaşının  bütün məlumatlarının (işi, sağlamlığı, yerdəyişməsi, sosial öhdəlikləri və s.) toplandığı elektron hökumət ən mükəmməl səviyyədə qurulsun. Bu isə bir çox aktif fəaliyyətlərin , o cümlədən sosial siyasətin icra olunmasında mühüm istinad nöqtəsi olmalıdır. Məsələn, hansısa ölkə vətəndaşı işini itirərsə ƏƏSMN-in məşğulluq deparatamenti onu diqqətə almaqla uçota götürməli və müavinət ödəməlidir.

Eyni zamanda, vətəndaş ağır  xəstəlik səbəbindən sağlamlığını, əmək qabiliyyətini itirirsə, dərhal sosial qurumlar onu nəzarətə götürüb müavinətlə təmin etməlidir ki, onlar əllərində güclə topladıqları sənədlərlə dövlət qurumlarının qapısında qalmasınlar. Artıq  insanların yaşa görə pensiyası ilə bağlı bu önəmli proses bir neçə ildir ki, tətibiq olunur.

Nəticədə pensiya yaşı tamam olan vətəndaş daha sənəd toplamaqla məşğul olmur. Əvəzində ƏƏSMN-in elektron sistemində vətəndaşın avtomatik pensiya təminatı aparılır. Əvvəldə qeyd etdiyimiz kimi, ölkəmizin çağdaş inkişafı bu sahədə də elektronlaşmanın tətbiqinə geniş imkanlar yaradır. Yetər ki, istək olsun…

Elçin Zaman, «İki sahil»