09 sentyabr 2024 14:25
309

YAP Nizami rayon təşkilatında ən yüksək nəticələrlə ali məktəblərə qəbul olmuş gənclərin mükafatlandırılması tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 2023/2024-cü tədris ilində Nizami rayon məktəbləri üzrə ən yüksək nəticələri göstərərək ali məktəblərə daxil olmuş gənclərin mükafatlandırılması tədbiri keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib, şəxsi həyatlarında və təhsildə daha böyük uğurlar arzu edib.

Bildirilib ki, bu il Nizami rayonu üzrə 84 nəfər 600-650 arası, 27 nəfər isə 650 baldan yüksək nəticə göstərib. Bu nəticə ilə Nizami rayonu Bakı şəhərində ikincidir. O da əlavə olunub ki, 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə isə rayonumuz paytaxtda birincidir. Həmçinin, sevincdiri hal ondan ibarətdir ki, ali məktəb imtahanlarında yüksək nəticə göstərən gənclərin böyük əksəriyyəti xarici ölkələrdə təhsil almaq hüququ əldə etsələr də, ölkəmizin ali məktəblərinə üstünlük veriblər.

Tədbirdə vurğulanıb ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının məhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir. Qeyd edilib ki, aparılan islahatların kökündə insan amili dayanır və bu kontekstdə güclü kadrlara olan tələbat bir zərurətə çevrilib.

Görüşdə iştirak edən tələbələr, onların valideynləri də öz növbəsində Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, partiya rəhbərliyinə təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda yüksək bal toplayan tələbələrə hədiyyələr və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, bu gün eyni zamanda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında könüllülərlə də görüş keçirilib, onlara partiyanın və rayonun ictimai həyatında fəallıqlarına, xüsusilə də, 01.09.2024-cü il tarixində keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə nümayiş etdirdikləri fədakarlığa və yüksək vətəndaşlıq mövqeyinə görə təşəkkür edilib, təltif olunublar.

Zamin Məmmədov, "İki sahil"