09 sentyabr 2024 12:15
216

Akademik: Bugünkü forumun təşkili Azərbaycanın gücünün və birliyinin ifadəsidir

Bu gün Azərbaycanın tarixində əlamətdar hadisələrdən biridir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycan Respublikasının gücünün və birliyinin ifadəsidir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun açılış mərasimində səsləndirib.

Azərbaycanın müstəqillik tarixindən və inkişaf yolundan danışan R.Hüseynov respublikamızın öz istiqlal yolunu və xəttini seçməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.

Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanı daha da möhkəmləndirdi, dövlətimizin regionda və dünyada nüfuzu daha da gücləndi.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən söz açan akademik qeyd edib: “Vətən müharibəsində Zəfərimiz dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırdı. Dünyanın 51 ölkəsində 561 diaspor təşkilatımız vardır. Təşkilatlanma çox mühüm addımdır. Bu Foruma çoxdandır hazırlıq gedir. Alimlərimizin ürəyi həmişə Azərbaycanın yanındadır”.

Akademikin sözlərinə görə, azərbaycanlı alimlərin birliyi ölkəmizin zəka gücünün artması deməkdir.