09 sentyabr 2024 10:35
108

9 sentyabr Ümumdünya Elektrikli Avtomobillər Günüdür

9 sentyabr Ümumdünya Elektrikli Avtomobillər Günüdür. Bu gün elektromobillərə keçidi təşviq etmək və bu sahədə maarifləndirməni artırmaq məqsədilə 2020-ci ildən etibarən qeyd edilir.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin “Global EV Outlook 2024” hesabatına əsasən, 2023-cü ildə satılan təxminən hər beş avtomobildən biri elektromobil olub. Ötən il dünyada təxminən 14 milyon yeni elektrikli avtomobil qeydə alınıb və nəticədə elektromobillərin yollarda ümumi sayı 40 milyona çatıb.

Hazırda ölkəmizdə də elektromobillərin istifadəsinə maraq artmaqdadır. Bu sahənin inkişafı üçün normativ hüquqi bazanın formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb.

Bu gün Azərbaycanda elektrik nəqliyyat infrastrukturunun inkişafı, ətraf mühitə zərərli təsirlərin azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir, layihələr icra edilir.