Bir neçə gün öncə Azərbaycan mətbuatında özünəməxsus yer tutan, həm gənclərin tribun asına, həm də ziyalıların görüş yerinə çevrilən, klassik qəzetçilik ənənələrini bu gün də qoruyub saxlayan “525-ci qəzet”in 25 yaşı oldu. Sosial şəbəkələrdə, informasiya saytlarında, eləcə də ziyalıların təbriklərində qəzetin ünvanına deyilən xeyli sayda dəyərli fikirlərin şahidi olduq. Düşündük ki, 25 ildə ölkə mətbuatına xidmət etməyin həm çətin, həm məsuliyyətli, həm də maraqlı tərəflərini elə qəzetin baş redaktoru, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcidin dilindən eşidək...
- Rəşad müəllim, 25 illiyiniz münasibətilə sizi və kollektivinizi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq. 25 yaşda olmaq necə hissdir?
-Təşəkkür edirəm, təbrikiniz üçün çox sağ olun. 25 yaşı stabil dövrdə qəzet üçün elə də böyük yaş adlandırmaq olmaz. Amma bizim yaşadığımız müstəqillik illəri və mətbuatın keçdiyi inkişaf prosesləri və s. uzun, kəşməkəşli yol, eyni zamanda, Azərbaycanın müstəqil mətbuatının formalaşması tarixidir. Bu baxımdan hesab edirəm ki, 25 il keçməsinə baxmayaraq, bu qısa müddətə sığmayan daha çox hadisələrdən keçmişik. 1991-ci ildə hələ Sovet dövründə artıq KİV haqqında qanun qəbul olunmuşdu, yeni-yeni qəzetlər fəaliyyətə başlayırdı, qəzet üçün bütün gözəl adları götürmüşdülər. Biz ad üçün müraciət edəndə artıq 519 qəzet adı qeydiyyatdan keçmişdi. Ona görə də fərqlilik olsun deyə qəzetin qeydiyyat nömrəsini götürdük və qəzetin adı “525-ci qəzet” oldu. Fəaliyyətə başladığı qısa dövr ərzində “525-ci qəzet” hər zaman reytinqlərdə ilk beşlikdə, onluqda oldu. Bu 25 il ağır olub, zəhmət tələb edib, iqtisadi çətinliklər olan dövr olub. Azərbaycanın keçdiyi inkişaf yolu, Mətbuat Şurasının yaradılması, ulu öndər Heydər Əliyevin mətbuatı xilas etməsi, cənab Prezident İlham Əliyevin KİV-ə Dəstək Fondunu yaratması, yazılı mətbuata dayaq durması və s. zaman-zaman yaşadığımız gündəlik adi hadisələr kimi görünsə də, bir müddət keçəndən sonra şanlı tarixə çevrilib və biz bu tarixi proseslərin içərisində olmuşuq. Bu baxımdan elə bilirəm ki, 25 yaş elə 525 yaşdır.
- Deyirlər, 25 yaş gəncliyin son dövrüdür, yaşlılığın tam ortasıdır. Bir tərəfi daha çılğın, üsyankar, digər tərəfi sakit, təmkinli olur...
- Gəlin insan yaşını qəzetlə müqayisə etməyək. İnsan 25 yaşda çox gənc sayılır. Bu yaş qəzet üçün də orta, yaxşı yaşdır. Amma elə qəzet ola bilər ki, 25 yaşda da gəncdir. Amma mənə belə gəlir ki, “525-ci qəzet” elə 10 yaşından sonra artıq müdrik olub. Daha təmkinli, səbirli olub. Hadisələrə baxış bucağı daha müdrik olub.
- “525-ci qəzet” həm gənclərin tribunasına çevrildi, həm də ziyalıların, yaşlı nəslin qərargahı oldu. Bunu necə bacardınız?
- Fəaliyyətə başladığı ilk vaxtlarda qeyd etmişdim ki, bu qəzet gənclərin tribunası olacaq, hər zaman da gənclərin üzünə açıqdır. Ötən 25 ildə bu vədə sadiq olduq. İndi də belədir. O qədər savadlı, istedadlı gənclər var ki, yazılarını “525-ci qəzet”də çap ediblər. Jurnalistika, eləcə də yazıçılıq fəaliyyətinə məhz buradan başlayıblar. Amma bir dövr gəldi ki, gənclərlə bərabər yaşlı nəslin, klassiklərimiz dediyimiz insanların da yazılarını çap etmək, onlara tribuna vermək lazım olduğunu anladıq. Bəlkə bunu onlar özləri də arzuladılar. Məsələn, bizim hörmətli xalq yazıçılarımız Anar, Elçin yazılarını göndərdilər. Hesab edirəm ki, sonrakı prosesdə uğurumuz onda oldu ki, emosionallığı, üsyankarlığı, çılğınlığı klassiklərimizin müdrikliyi, təmkinliliyi ilə birləşdirib ortaq məqam tapa bildik. Ona görə də bu qəzet cəmiyyətin müxtəlif təbəqələri tərəfindən qəbul olundu. Heç kəs deyə bilməz ki, “525-ci qəzet” təkcə gənclərin və ya təkcə yaşlıların, yalnız ədəbiyyatçıların və ya kinoşünasların qəzetidir. Eyni zamanda iqtisadiyyat, siyasət və s. mövzularda da yazılar dərc olunur. Bir çoxları bu yubiley günlərində bizi ümummilli qəzet adlandırdı. Əlbəttə, bu böyük şərəfdir. Hərdən müəlliflərimizdən danışanda deyirik ki, onların sırasında Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov da var. Çünki Şirməmməd Hüseynov uzun illərdən bəri “525-ci qəzet”də bu klassiklərimizlə yanaşı, digər ziyalılarımızın çap olunmayan əsərlərini ixtisar olunmuş halda çap etdirib. Üzeyir Hacıbəyovdan, Məmməd Əmindən başlayan müəlliflər sırasında Şirməmməd Hüseynov, eləcə də digər müasir dövrün klassikləri saydığımız Anar, Elçin kimi xalq yazıçıları, şəxsiyyətləri və ondan sonrakı nəslin nümayəndələri olan gənclərin yazıları dərc edilir. “525-ci qəzet”in bu baxımdan müəlliflər sırası çox rəngarəng və zəngindir.
- Bu gün Azərbaycan mətbuatı deyəndə hər kəsin gözü önünə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi klassiklərin, “Molla Nəsrəddin”, “Füyuzat” və s. kimi mətbu orqanların adları gəlir. Necə düşünürsünüz, illər sonra Azərbaycan mətbuatından danışanda o sırada “525-ci qəzet”in adını görə biləcəyikmi?
- Bilirsiniz, Həsən bəy Zərdabi mətbuatımızın banisidir. Ötən il hörmətli yazarımız Sona xanım Vəliyeva “İşığa gedən yol” adlı roman yazdı. Hər bir Azərbaycan gəncinin o romanı oxuması çox vacibdir. Zərdabinin çoxşaxəli fəaliyyətindən yazıb. 25 illik münasibətilə bizi təbrik edənlər haqqımızda çox xoş sözlər dedilər. Ədəbiyyat İnstitutunun direktoru, Akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəyli “525-ci qəzet məktəbi” adlı yazı yazdı. İsa Həbibbəyli bizi Molla Nəsrəddin məktəbinin davamçılarından adlandırdı və bu fikri tezislərlə əsaslandırdı. Hesab edirəm ki, bu bizim üçün böyük hörmət, diqqət və məsuliyyətdir. “525-ci qəzet” haqqında deyirlər ki, bu qəzet Azərbaycan mətbuat tarixində qalacaq. Artıq “525-ci qəzet” ilə bağlı həm Ədəbiyyat İnstitutunda, həm də Jurnalistika fakültəsində elmi işlərin müdafiə olunması məsələsi müzakirə olunur. Hesab edirəm ki, bu 25 yaşda Azərbaycan mətbuat tarixində qalmışıq. Amma əlbəttə ki, indi yeni texnologiyalar, yazılı qəzetin zaman-zaman sıradan çıxması söhbətləri müzakirə olunur. Ola bilər ki, 10-20 ildən sonra “525-ci qəzet” də kağız kimi sıradan çıxar və elektron variantda fəaliyyət göstərər. Amma düşünürəm ki, biz hər zaman klassik qəzetçilik ənənələrinə söykənən qəzet kimi yaddaşlarda qalacağıq.
- Rəşad müəllim, reket jurnalistika ilə necə mübarizə apardınız bu illərdə?
- Üzvü olduğum Mətbuat Şurasının reket jurnalistikası ilə bağlı bir çox müzakirələrində yaxından iştirak etmişəm. Hətta bilirsiniz ki, reket jurnalistika ilə mübarizə komissiyası da yarandı. “Qara siyahı” var. Bu, ciddi və böyük bir problemdir. Yeni media, saytlar elə bir şərait yaradıblar ki, bu gün bu sahədə xaos, qarmaqarışıqlıq hökm sürür. Qanuna dəyişikliklərdə də müəyyən məqamlar var ki, bunun qarşısını almaq üçündür. Amma indi sürətli inkişaf edən texnologiya ilə bəzən qanunlarımız, bəzən də biz özümüz ayaqlaşmırıq. Hesab edirəm ki, zaman keçdikcə belə problemlərin həlli tapılacaq.
-Özünüz hədəf olmusunuzmu?
- Əlbəttə. Mətbuat Şurasındakı fəaliyyətimlə bağlı məni də tez-tez hədəf götürüblər, haqqımda yazılar dərc olunub. Əvvəl həssas yanaşırdım, sonra sakit baxmağa çalışdım. Amma onlar bilmirlər ki, biz bu qədər ildə nə qədər proseslərdən keçmişik. Hansısa böhtanla, təhqirlə bizi yolumuzdan döndərə bilməzlər. Biz Azərbaycan mətbuatının saflığına çalışırıq, gələcəyini düşünürük. Heç kəsin insanların şərəf və ləyaqətinə toxunmasını istəmirik. Düz yolda olan bizik. Düz yolda olan insanların hansısa xırda maneələrdən çəkinməsi mümkün deyil.
- İşçilərinizlə bu barədə söhbətləriniz olurmu?
-İşçilərimiz də hərdən həmin üzdəniraq jurnalistlərin yaxşı media ofislərini, bahalı maşınlarını görüb, təəccüblə baxırlar. Amma o tipli insanlara bizim düşüncədə olanlar heç vaxt həsəd aparmayıb. Bizim yolumuz əsl jurnalistika yoludur. Biz heç vaxt bu cür jurnalistikanın nümayəndələri ola bilmərik.
- Rəşad müəllim, ümumiyyətlə, indiki dövrdə qəzet redaktoru olmağın əsas çətinliyi nədir?
-Əvvəllər müsahibələrimdə tez-tez deyirdim ki, qəzet redaktorları daha gənc olsun. Hardasa 30 yaşına qədər olan insanlar. Çünki artıq sən tanındıqca, məşhurlaşdıqca, müxtəlif insanlarla kontaktların olur, dövlət qurumlarını, rəsmi adamları, hökumət üzvlərini tanıyırsan. İstər-istəməz hansısa məsələlərdə, xüsusilə tənqid məsələlərində bir az güzəştli olursan, münasibətlərə görə geri çəkilirsən. Amma gənc adamın daxilində bu mənada rahatlıq olur. Daha çılğın, üsyankar olurlar, heç nədən çəkinmirlər. Ona görə əvvəllər deyirdim ki, redaktor gənc olsa daha yaxşıdır. Eyni zamanda, redaktor üçün keyfiyyət də önəmlidir. Redaktor geniş ürəkli və tolerant olmalıdır. Redaktor qəzeti öz zövqünə uyğun çərçivəyə salmamalıdır. Bu mənada təcrübə üçün orta yaşlı da ola bilər. Amma istənilən halda böyük məsuliyyətdir.
- Belə bir dövrdə, yəni sosial medianın həyatımıza sürətlə axın etdiyi bir vaxtda qəzetinizin gələcəyini necə görürsünüz?
-1992-ci ildə ABŞ-da olduq. Oranın mediası ilə yaxından tanış olmaq fürsəti qazandıq. Hələ o vaxtdan biz “Vaşinqton Post” qəzetinin redaksiyasında olanda bu məsələ barədə müzakirələr gedirdi. Qeyd olunurdu ki, gələcəkdə qəzetlərin kağız variantı sıradan çıxacaq və elektron variantlar onu üstələyəcək. Bildirim ki, 1998-ci ildə “525-ci qəzet”in internet portalı var idi. Azərbaycanda ən qədim elektron saytlardan biridir. Amma mən təxminən 8 il əvvələ qədər, daha dəqiq desəm, sosial şəbəkələr çıxana qədər heç vaxt inanmazdım ki, kağız qəzetlər sıradan çıxa bilər. Amma indi düşünürəm ki, artıq 10-15 ildən sonra elektron varianta keçməli olacağıq. Bilirsiniz, burada mahiyyət məsələsi də var. Elektron KİV o demək deyil ki, sən hansısa diqqət cəlb edən, özündən uydurulmuş, şou xəbər adı ilə, kriminal aləmin iç üzünü göstərmək adı ilə ağlına gələni yazasan. Düşünürəm ki, indi də bu işin əksini görən, ciddi jurnalistikaya xidmət edən saytlar var. “525-ci qəzet”in saytı da qəzetin özü kimi fəaliyyət göstərir.
Şəfiqə Dadaşova, “İki sahil”