03 sentyabr 2024 22:54
259

Şəhid ailəsi üçün ev tikilir

Masallının Yeyənkənd kəndində anadan olan, qəhrəmanlıq tariximizə adını yazan  Ərzuman Əlizamin oğlu İsmayılov Birinci Qarabağ müharibəsi şəhididir. Qəlblərdə yaşamaqla xalq tərəfindən həmişə ehtiramla  xatırlanır.  Həmçinin   Yeyənkənd kənd tam orta məktəbi şəhidin adını daşıyır və ərazinin  Abasbəyli kəndində mərkəzi küçələrdən biri  onun şərəfinə verilib.

Bütün bunlarla bərabər, həm də şəhid  ailəsinə  daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Son vaxtlar şəhid Ərzuman  İsmayılovun ailəsinin yaşadığı ev qəzalı vəziyyətə düşmüşdü.

Anası Gülsüm Xəmmədova şifahi müraciətlə vəziyyəti Masallı Rayon İcra Hakimiyyəti başçısına bildirib.   Şəhid ailəsinin mənzil məişət şəraitini  qaydaya salmaq məqsədilə rayon rəhbərliyin təşəbbüsü və təşkilatçılığı ilə ümumi sahəsi 72 kvadratmetr ölçüdə 1 mərtəbədən ibarət fərdi yaşayış evinin tikintisinə başlandı. Artıq evin təməli qazılaraq beton tökülmüş və təməl bərkitmə işləri sona çatıb, divarlar hörülür.  Masallı Rayon İcra Hakimiyyətinin başçısı tikinti meydançasında olub, işin gedişi barədə yerində  maraqlanıb və  inşaatçılara tapşırıqlarını verib. Şəhid anası isə onlara olan hər cür diqqət və qayğıya görə, həmçinin evin tikintisindən ötrü  dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını  bildirib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü