Müsahibimiz Milli Məclisin deputatı İlham Məmmədovdur
- İlham müəllim Azərbaycan Tibb Universitetinin nəzdində İctimai Nəzarət və Məsləhət Şurası fəaliyyətə başlayıb. Siz də bu Şuranın sədri seçilmisiniz. Şuranın yaradılması hansı zərurətdən doğdu?
- Elə adından göründüyü kimi, Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası Azərbaycan Respublikası “İctimai İştirakçılıq Haqqında” Qanunundan irəli gələrək yaradılıb. Bu gün ictimai iştirakçılıq yəni vətəndaş cəmiyyətinin həyatımızın müxtəlif sahələrində cərayən edən və yaxud da baş verə biləcək neqativ halların aradan qaldırılmasında böyük rolu vardır. Şuranın yaranmasında məqsəd vətəndaşların müəyyən proseslərdə bir çox narahatedici məqamlarda təhsildə, elmdə, səhiyyədə, düzgün işinin təşkil olunması, nizam intizamın formalaşması və eyni zamanda günün tələbinə uyğun olaraq yeni bir innovativ tədbirlərin, proseslərin, yeni texnologiyaların, yeni münasibətlərin formalaşması üçün öz təklif və rəylərini səsləndirmək üçün tribunanın yaradılmasıdır. Təbii ki, “İctimai İştirakçılıq Haqqında” qanunun tələblərindən irəli gələrək bir çox tibb müəssisələrində ictimai nəzarət və Məsləhət Şurası yaradılmışdır, eyni zamanda Azərbaycan Tibb Universiteti də bu prosesə qoşularaq rektor yanında İctimai Nəzarət və Məsləhət Şurası yaratdı.
- Bu Şuranın tədrisin keyfiyyətinə nə dərəcədə təsiri olacaq?
- Təbii ki, ictimai nəzarət və məsləhət şuralarının yaradılması önəmli bir məsələdir. Adətən ali təhsil müəssisələrində ictimai nəzarət və məsləhət şuraları yaradılırsa ilk növbədə məqsəd keyfiyyətli təhsilə və tədrisə nail olmaqdır. Universitet rəhbərliyi tədris prosesində hansısa bir məqamlar haqqında daha səlis informasiyaya malik olmaq istəyir. İctimai Nəzarət və Məsləhət Şurasının üzvlərinin vasitəsilə tələbələr universitet rəhbərliyinə bir az da yaxın olacaq. Qarşılaşdıqları hər hansı problemin həllində süründürməçilik halları ilə qarşılaşmayacaqlar. Yaradılan bu Şura, eyni zamanda tələbə, müəllim və valideynlər arasında körpü rolunu oynayacaq. Tədrisin keyfiyyəti onun peşəkar qiymətləndirilməsindən asılıdır.
Hesab edirəm ki, İctimai Nəzarət və Məsləhət Şurasının qarşıda görəcəyi əsas işi ATU-da gedən proseslərin, görülən işlərin fayda və səmərəsini ortaya çıxarmaqdır. Şura üzvləri hər biri öz sferasında apardıqları müşahidələrdən sonra öz rəy və təkliflərini universitetinstitut rəhbərliyinə çatdıracaqlar.
- İlham müəllim, Şuranın neçə üzvü var?
- Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının 9 üzvü var. İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə imtahanların gedişatını izləyir, “qaynar xətt”ə” nəzarəti təşkil edir, rektorla keçirilən “Açıq qapı””larda iştirak edirlər. Bu da sessiya zamanı şəffaflığın artırılmasına xidmət edir. Həmçinin, şura üzvləri ali məktəb rəhbərliyi ilə şikayətləri birgə araşdırırlar. Qeyd edim ki, bunlar sosial sifarişdir və ölkə başçısı səviyyəsində bütün dövlət qurumlarında şəffaflığın və obyektivliyin bərqərar olunmasına xidmət edir. Şura üzvlərinin yekdil qərarı ilə yalnız sesiya vaxtı deyil, mütamadi tələbələrlə ünsiyyətdə olacağıq. Çalışacağıq ki, bütün tədris prosesi zamanı ali məktəblərimizdə neqativ hallar olmasın.
Şəmsiyyə Əliqızı, “İki sahil”