03 sentyabr 2024 11:58
237

Dünyanın hər bölgəsində təcili iqlim tədbirlərinə ehtiyac var - Saymon Stil

Dünyanın hər bölgəsində təcili iqlim tədbirlərinə ehtiyac var.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda başlanan "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda onlayn çıxışında bildirib.

"İqlim siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi "yaşıl" keçid prosesini sürətləndirmək və bütün dünya ölkələrinin iqtisadiyyatında dayanıqlılığı artırmaq üçün həyati əhəmiyyət kəsb edir", - o qeyd edib.

Onun sözlərinə görə, bu proseslərin mərkəzində 2 illik şəffaflıq hesabatları (BTR) dayanır.

"Bu hesabatlar, milli prioritetlərin müəyyənləşdirilməsi, iqlim siyasətinin təkmilləşdirilməsi və effektiv fəaliyyət üçün lazım olan maliyyənin təmin edilməsi üçün inandırıcı sübut bazası yaradacaq", - o əlavə edib.

Stil şəffaflıq hesabatlarının (BTR) tərəflərə irəliləyişi izləməyə, məqsədlərin əldə olunmasını yoxlamağa və əlavə tədbir və dəstək tələb olunan sahələri müəyyənləşdirməyə imkan verdiyini vurğulayıb.

"Şəffaflıq hesabatları (BTR) ölkələrin bir-birindən öyrənməsinə və iqlim sahəsində hər kəsə fayda gətirən fəaliyyətləri dəstəkləməsinə imkan tanıyır. Bütün iştirakçıların iqlim şəffaflığından tam şəkildə faydalana bilməsini təmin etmək məqsədilə son bir il ərzində COP29 sədri ilə sıx əməkdaşlıq etmişik", - Stil əlavə edib.