02 sentyabr 2024 22:49
259

Şəhid Nicat Nəzərlinin doğum gününə həsr olunan tədbir

Adı Vətənin qeyrət simvolu kimi dillərdə dastan olan şəhid Nicat Mübariz oğlu Nəzərli şanlı qələbəmizdən sonra Azərbaycan Respublikasının Sılahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə 19 yaşında əbədiyyət dünyasına qovuşub. Torpağı qanı ilə suvararaq müqəddəs edən igid Vətən sevdalısı dövlət tərəfindən “Vətən uğrunda” medalına, “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Nicat Nəzərli 2004-cü ildə Lənkəran rayonu, Narbağı kəndində anadan olub. 113 saylı Texniki Peşə Məktəbini bitirdikdən sonra ordu sıralarında xidmətə başlayıb. Vətəni canından əziz tutub, onu göz-bəbəyi kimi qoruyub. Elə bu, ilahi sevgi Nicatı ən ali məqam olan şəhidlik zivəsinə ucaldıb. Xalq, el-oba könüllərə köç edən, işığı ünyetməz göylərdən gələn şəhid oğlunu unutmur.

Bu günlər də isə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Nicat Nəzərlinin doğum gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidin şəxsi əşyaları və fotolarından ibarət sərgi nümayiş olunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı Lənkəran rayonu, Rvo kənd tam orta məktəbin müəllim və şagird heyəti, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Nicat Nəzərlinin xatirəsinə həsr olunan və həyatından bəhs edən video-çarx göstərilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva Nicat Nəzərlinin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını deyib, doğma Azərbaycanımızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid Vətən övladlarının xatirəsinin hər zaman əziz tutulacağı və daim yad ediləcəyini vurğulayıb.

Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləyən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova mərkəzində fəaliyyət göstərən rəsm studiyasında yağlı boya ilə çəkilmiş Nicat Nəzərlinin portretini valideynlərinə təqdim edib.

Nicat Nəzərlinin həyat və döyüş yolundan söhbət açan digər çıxışçılar da bildiriblər ki, Vətən naminə qanından keçərək şəhidlik zivəsinə ucalmaq böyük qürur və şərəfdir. Bu yolu seçənlər heç zaman ölmürlər. Nicat da belə. Onun qisa ömür yolu gələcək nəsillər üçün örnəkdir.

Tədbirin yekununda Şəhidlərə, Vətənə və qələbəyə həsr olunan şerlər səslənib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, tanınmış ifaçıların şəhidlər haqqında mahnıları dinlənilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü