02 sentyabr 2024 23:39
518

Azərbaycan Ordusu regionun söz sahibidir

Artıq dünya hərb tarixində Silahlı Qüvvələrimizin də möhtəşəm imzası var

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. 44 gündə işğal altındakı 8 rayonumuzu,  bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki,  ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq qaldıraraq təslim olduğunu  elan etdi. Beləliklə, 23 saat 42 dəqiqəyə minlərlə kvadratkilometr ərazi də işğalçılardan təmizləndi.

Azərbaycan Ordusunun gücü, qüdrəti  beynəlxalq səviyyədə  etiraf edilir. Belə ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu, son on illiklərin ən mükəmməl döyüş taktikası idi. Həmin müharibədə istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir  və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Xüsusilə ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Bu, bir reallıqdır ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik  Zakir Həsənov  mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan  İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.

Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

Ali Baş Komandanımızın tapşırıqlarından biri də Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.

Hərbi sahədə ixtisaslaşmış «Global Firepower» portalı 2023-cü il üçün dünya ordularının reytinq siyahısını açıqlayıb. Siyahıya əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir. Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üç yeri ABŞ, Rusiya və Çin ordusu tutur. Türkiyə dünyanın 11-ci ən güclü ordusuna malikdir. Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır. Göründüyü kimi, siyahıda ordu quruculuğunun səviyyəsinə görə Azərbaycanın da mövqeyi müsbətə doğru dəyişib.  Yəni, ölkəmiz 2022-ci ildəki 63-cü pillədən 57-ci pilləyə yüksəlib.

Elçin Zaman, «İki sahil»