16 avqust 2024 15:15
488

DSX-nin rəhbər vəzifəli şəxsləri İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarlarını ziyarət ediblər

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində və antiterror tədbirləri zamanı şəhid olan sərhədçilərin əziz xatirəsinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, DSX-nin rəhbər vəzifəli şəxsləri İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət ediblər.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalan şəhidlərimizin qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizə Qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.