Müsahibimiz Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflaltun Amaşovdur
- Əflatun müəllim, bu yaxınlarda Milli Məclisin 2018-ci il büdcə müzakirələrində təkliflə çıxış etdiniz və bildirdiniz ki, gələn ilin büdcəsindən medianın inkişafında bir milyon manat ayrılsın.
-Ən azı bir milyon manatt dedim. Ümumiyyətlə, gələn ilin büdcəsi bu ilkinə nisbətən genişdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu da təbiidir ki, iqtisadiyyatı inkişaf edən ölkənin büdəcsi də zəngin olmalıdır. Mediaya ayrılan vəsaitə gəlincə, müzakirələr zamanı məlum oldu ki, gələn il bu vəsait ötən ilki ilə eyni qalır. Düşünürəm ki, hazırda müharibə aparan bir ölkədə informasiya siyasəti yüksək səviyyədə qurulmalıdır. Bu gün Azərbaycan Ordusu güclüdür. İnformasiya sahəsində müharibəmizi təkmilləşmiş şəkildə davam etdirməliyik. Bir tanka çəkilən xərc qədər, bir media orqanına xərc çəksək, bunun müsbət nəticəsinin şahidi olacağıq. Güclü bir televiziya yarada bilərik, həmin televiziya iki və daha artıq dildə dünyaya yayımlana bilər. Azərbaycan həqiqətlərini dünyaya daha çevik şəkildə çatdıra bilərik. Təbii ki, bu məqam danışıqlar prosesinə müsbət təsirini göstərəcək. Bilirsiniz ki, hazırda ictimai fikir əsasən onlayn jurnalistika sayəsində formalaşır. Ona görə də təklif etdim ki, ən azı bir milyon manat medianın inkişafına pul ayıraq, bir neçə aydan sonra onun nəticələrini mütləq görəcəyik.
- İnformasiya ombudsmanının fəaliyyəti barədə nə düşünürsünüz?
-Bu ombudsman əvvəlcə müstəqil yaranmışdı. Fəaliyyəti olmadığından İnsan Haqları üzrə Müvəkkilliyə birləşdirildi. Ancaq bu gün faktiki olaraq informasiya ombudsmanın fəaliyyətini görmürük. Soruşuruq ki, nəyə görə fəaliyyət göstərmirsiniz? Deyirlər ki, ştat yoxdu. Hökumət üzvülərindən xahiş etdik ki, əgər bu ombudsman fəaliyyət göstərirsə, siz niyə ona ştat vermirsiniz? Müxtəlif ölkələrdə bu məsələlərə başqa cür yanaşılır. İnformasiya ombudsmanın fəaliyyəti informasiya təhlükəsizliyinin tərkib hissəsidir. Azərbaycanda informasiya əldə etmək haqqında qanun var. Bu qanunda göstərilir ki, bütün dövlət qurumları, icra strukturlarına tabe olan digər qurumlar, bələdiyyələr, kommersiya strukturları, hətta qeyri-hökumət təşkilatları özlərinin internet resurslarını yaratmalıdırlar. Buna mətbuat xidməti deyirik. Müvafiq şəxsləri ora təyin edirlər ki, bu məsələ ilə məşğul olsunlar. Bundan başqa həmin qanunda informasiyanın təsnifatı verilir. Açıq informasiyalar var ki, qanunvericilikdə onun yayılmasına heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaş həmin informasiyanı istənilən KİV-dən əldə edə bilər. Bir sıra informasiyalar var ki, onların yayılmasında məhdudiyyət var. Onlara məxfi informasiyalar da deyirik. Bu, dövlət sirridir. Eyni zamanda o da göstərilir ki, informasiya almaq üçün sorğunu necə vermək lazımdır. Hansı bəndlər olmalıdır ki, o sorğu sənəd kimi qəbul olunsun. Sonda hansı müddətə cavablanmalıdır. Birmənalı şəkildə göstərilir ki, əgər təcilidirsə, məlumatı almaq 24 saat, (müəyyən problemlər olarsa 48 saata), 7 iş gün müddətində o sorğuya cavab verməlidilir. Deməli, jurnalist hansısa quruma müraciət edir və gözləyir. Bu müraciətə cavab verilməlidir. Bu müraciətə 7 gün iş günü ərzində cavab almasa sorğu göndərən informasiya ombudsmanına müraciət etməlidir. Ombudsman araşdırır, qərar qəbul edir, məsələ qaldırır. Deməli, informasiya obudsmanı cəmiyyətin informasiya ilə təmin olunmasına nəzarət edən ən aparıcı nəzarət edən qurumdur. İndiki şəraitdə bu qurum işləmir, başqa bir qurumun tabeliyindədir. Bu, çox ciddi məsələdir. Ona görə də Milli Məclisdə bu məsələ qaldırıldı. Düşünürəm ki, bu sahədəki problem aradan qaldırılacaq.
- Jurnalistlər bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin onlarla normal qaydada işləməməsindən şikayətləbirlər.
-Açığı 10-15 il bundan əvvəl bu sahədə ciddi problemlər var idi. Hansısa qurumun rəhbəri həmin qurumun fəaliyyəti ilə bağlı məlumat sızdırmaq istəmir. Mətbuat xidmətinə də elə bir şəxs təqdim edir ki, həmin insan, yəni mətbuat katibi telefonu göstərmir, məlumat vermir. Bəzən də mətbuat xidməti təyin edilən şəxsin bilikləri kifayət qədər yerində olmur. Bilmir necə danışsın. Orada çalışan insan həm jurnalistikanı bilməlidir, həm də aid olduğu sahənin problemlərindən agah olmalıdır. Çox təəssüf ki, bu sahədə kadrların yetişdirilməsində də problemlər var. Bu sahədə kadrlar hazırlanmır. Bəzi məqamlarda jurnalistlər də sualı düzgün qoymurlar, həmin sahədə bilgiləri azdır, təşkilat rəhbərləri ilə görüşürlər, amma müəyyən şəxsi xahişlər olur. Son illər vəziyyət yaxşılaşsa da düşünürəm ki, informasiya ombudsmanı fəaliyyət göstərsə, istənilən vətəndaş harasa müraciət edib cavab almayanda ona müraciət etsə, əlbəttə bu sahədə problemlər yaşanmaz.
- Əflatun müəllim, reket jurnalistlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlamısınız. Bu problemin həlli yolundan mübarizə tədbirlərini getdikcə gücləndirirsiniz. Nəticələr nədən ibarətdir?
- Çox təəssüf ki, bir qrup insan ayrı-ayrı sahələrdən jurnalistikaya gəlib. Jurnalistikadan cəmiyyəti məlumatlandırmaq kimi deyil, şəxsi maraqlarına xidmət edən sahə kimi istifadə edirlər. Onların əsas vəzifələri ayrı-ayrı insanlara qara yaxmaq, qorxutmaq, pul almaqdır. Təbii ki, bu məsələlər daim Mətbuat Şurasının diqqətindədir. İndiki vəziyyət 5-10 il bundan əvvəlki vəziyyətdən kifayət qədər yaxşıdır. Təbii ki, istəyirik bu problem birdəfəlik aradan qaldırılsın. Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən Reketçiliklə Mübarizə Komissiyasının fəaliyyətini genişləndirmişik, üzvlüyə hüquq-mühafizə orqanlarından, Daxili İşlər Nazirliyi, Baş Prokrorluq, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətindən əməkdaşlar cəlb etmişik. Belə məsələləri son mərhələdə birgə araşdırırıq. Bəzi məqamlarda qəbul etdiyimiz qərarlar havada qalır. Təbii ki, bundan sonra adıçəkilən dövlət qurumları ilə bir yerdə məsələni kökündən həll etmək üçün daha ciddi tədbirlər görəciyik.
Şəfiqə Dadaşova, “İki sahil”