Son günlər ölkəmizdə idman ictimaiyyəti, eləcə də bütün xalqımız idmançılarımızın uğurlarına sevinir, onlarla fəxr etdiyini bildirir. Ancaq bu qələbələr elə-belə, asanlıqla qazanılmayıb.
Müstəqillikdən sonrakı ilk illərdə ölkəmizdə idmanın hansı vəziyyətdə olmasını xatırlasaq bugünkü yüksək inkişaf özünü daha bariz şəkildə göstərər. O vaxtlar rayonlardakı idman meydançaları səliqəsiz, baxımsız və xarabazar bir görkəmdə idi. İdmançılarımızın beynəlxalq yarışlarda iştirak etməsi arzu olaraq qalırdı. Çünki SSRİ adlanan xalqlar həbsxanasından xaricə bir addım belə ata bilməzdilər. Azərbaycanda bu sahə sanki tamamilə yaddan çıxmışdı. Ancaq illər keçdi, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirdi. Nəticədə Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrildi. Ötən həmin illərdə ölkəmizdə mübariz gənclik yetişdirildi. Onlar dünya çempionatlarında və Olimpiya Oyunlarında güclü olduqlarını sübut etdilər. Onların qələbələri nəticəsində üçrəngli bayrağımız müxtəlif idman arenalarında qaldırıldı. Həmin qələbələr həm də bizim şərəfimizi yüksəltdi.
Son günlər ölkəmiz yeni idman nailiyyətlərimizin sevincini yaşayır.
“Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər”.
Bu sözləri Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib. “Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”, - deyə dövlət başçısı əlavə edib.
İşlərin düzgün qurulmasının və aparılmasının şirin bəhrəsidir ki, hazırda bütün rayonlarımızda müasir Olimpiya Kompleksləri fəaliyyət göstərir. Komplekslər ən yeni idman avadanlıqları ilə təchiz olunub və futbol, voleybol, basketbol meydançaları inşa edilib. Rayonlararası və zona yarışları istedadlı gənc idmançıların üzə çıxarılmasında, yetişdirilməsində, onların daha böyük idman yarışlarında təmsil olunmalarında mühüm rol oynayır. Pillə-pillə ucalan idmançılarımız nəhayət, onun olimpinə yüksəlməyə nail olurlar. Hazırkı şərait, bu sahəyə göstərilən dövlət qayğısı və qazanılan qələbələr belə deməyə əsas verir. Vurğulamaq lazımdır ki, idman dövlət siyasətinin bir istiqamətidir. Çünki idman yarışlarında, bayramalarda və digər tədbirlərdə Azərbaycanın Dövlətimizin Himni səslənir, üçrəngli bayrağımız təntənəli surətdə qaldırılır ki, bu da ölkəmizin daha tanınmasında və nüfuzunun yüksəlməsində bir vasitədir. Ölkəmizdə dünya və Avropa çempionatlarının, həmçinin müxtəlif beynəlxalq yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Bu nəhəng idman yarışları zamanı dünyanın hər guşəsindən yüz minlərlə idmansevərin ölkəmizə gəlməsi, Azərbaycanı tanıması və həqiqətləri görməsi xeyirimizədir. Dediyimiz kimi, Azərbaycanın böyük idman potensialına malik olması, qazandığımız uğurların davamlılığı dünya birliyində dövlətimizin nüfuzunu və rolunu daha da artırır. Qələbələrimiz mübarək olsun! Qalib idmançılarımıza yeni uğurlar arzulayırıq!
Vəli İlyasov, "İki sahil"