12 avqust 2024 09:47
418

Qaxda çətənə kolu yetişdirən şəxs tutulub

İbrahim Nəsibov əməlini etiraf edib

Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub. Ondan çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı İbrahim Nəsibov saxlanılıb.

Onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”