06 dekabr 2017 14:19
945

Qorxudan üçrəngli bayrağın adını dilimizə gətirə bilmədiyimiz günlər yaşadıq...

Müsahibimiz tarix elmləri doktoru, professor, BDU-nun tarixşünaslıq, mənbəşünaslıq və metodika kafedrasının müdiri Anar İskəndərovdur

- Anar müəllim, tarix elə bir sahədir ki, kütləvi informasiya vasitələri hər gün bu haqda yazıb, müzakirələr apara bilmir. Bu sahə, həmçinin ən çox diqqət mərkəzində saxlanmalı olan bir sahədir.

-O xalq ki, öz taleyini bilir, tarixi təfəkkür sahibi olur, onun dərdi az olur. O xalq ki, filoloji təfəkkürlə yaşayır, ömrü boyu faciə içində olur. Tarix o zaman tarix olur ki, o yaddaşımıza hopur. Başımıza gələn bütün faciələrin səbəbi unutqanlığımızdır. Əslində ərəb dilində insan sözünün təqribi tərcüməsi belədir: yaddan çıxaran, unudan. Bir an belə fikirləşək ki, əgər unutmasaydıq nələri itirməzdik?! Bu mənada tarixi təfəkkür sahibi olan xalqlar itirmirlər. Nə zaman ki, yunanların əllərində qılınc var idi, dünyanın yarısını tutmuşdular. Mən qılıncın tərəfdarı deyiləm, amma qədim, orta dövrün əsas silahı qılınc olub.  Nə zaman ki, yunanlar qılıncdan əl çəkib liraya uydular, bax onda Yunanıstanın müstəqilliyinə son qoyuldu. Liraya biz qara zurna deyirik. Yəni tarixi təfəkkür nə üçün lazımdır? Ən qədimi, tarixini, nöqsanlarını, düzünü bilirsən. Düşünürəm ki, bu gün də torpaq uğrunda mübarizə aparan bir xalqın tarixi dərindən bilməyə daha çox ehtiyacı var.

- Gəlin bu gün müasir Azərbaycan tarixinin bəzi tərəfləri haqqında danışaq. Məsələn, bu yaxınlarda dövlət müstəqilliyimizin 26-cı ilini qeyd etdik. Elə müstəqilliyə gedən yoldan başlayaq...

-Əslində dünyada o xalq xoşbəxtdir ki, müstəqillik nədir bilir, onun mahiyyətini dərk edir. 1918-1919-cu illərin qurucuları bütün çətinliklərə baxmayaraq, mayın 28-də heçdən var olan bir dövlət yaratdılar. İlk dəfə coğrafi məfhum olan Azərbaycan ifadəsi siyasi məfhuma çevrildi. Gələn il Cümhuriyyətin 100 illiyini qeyd edəcəyik. Bu dövlətin bizə verdiyi nə idi? Görün nə qədər ilk dəfə sözünü işlədirik. Baxmayaraq ki, söhbət XX əsrdən gedir. İlk dövlət, ilk parlament, ilk ordu, ilk universitet və s. nə qədər əldə olunan nəticədən danışa bilərik.  Bütün bunlar müstəqilliyin gətirdiyi üstünlüklər idi. 1918-ci ilin mayında Paris Sülh Konfransında Azərbaycan nümayəndələrini qəbul edən ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson demişdi ki, bilmirəm, Azərbaycan haradır. Zamanla Azərbaycan adı tanındı. Yəni 1991-ci ilin oktyabr ayında bərpa olunan müstəqilliyə qədər Azərbaycan nələrdən keçdi, onu diqqətinizə çatdırmaq istəyirəm. Üçrəngli bayrağı dilə gətirməyin qadağan olunduğu bir dövr oldu. Amma zaman keçdi, Azərbaycan yenidən müstəqillik uğrunda mübarizəyə başladı. 70 illik Sovet rejimi artıq çökürdü. O çökmə ərəfəsində hər bir xalqın iddiası var idi. Necə ki, vaxtilə 300 il hakimiyyətdə olan Romanovlar sülaləsi devriləndə xalqlar həbsxanasında olan hər bir xalqın arzusu idi müstəqilliyini elan etmək, indi də 80-ci illərin sonunda hər bir xalqın azadlıq  iddiası var idi. Azərbaycan xalqı isə dediyimiz kimi, vaxtilə iki il də olsa o müstəqilliyi dadmışdı, onun şirinliyini bilirdi. Müstəqil olmaq asan bir şey deyil. Baxın, bu gün dünyada 5 minə yaxın etnik qrup, xalq var. Amma müstəqil dövlətlərin sayı heç 200 belə deyil.  10 milyona yaxın bir xalq öz müstəqilliyini elan edib, onu qoruyub saxlaya bilirsə, bundan böyük xoşbəxtlik ola bilərmi?! Bu baxımdan azadlığımıza gedən yol tarixi izlərdən, savaşdan, şəhidlikdən keçsə də, 18 oktyabrda qazanılan o müstəqillik Azərbaycan xalqının layiq olduğu bir zirvədir.

- Ümumiyyətlə, müstəqilliyimizi möhkəmləndirən amillər nələrdir?

- Müstəqilliyi elan etmək başqa, onu qoruyub saxlamaq, inkişaf etdirmək isə tamam başqadır. 1918-ci ildə müstəqilliyimizi elan etsək də, xarici qüvvələr o qədər çox və güclü idi ki, hakimiyyət öz daxili və xarici siyasətini qura bilmədi. Bir tərəfdən səriştəsizlik və təcrübəsizlik, o biri tərəfdən isə erməni müdafiəçilərinin çoxluğu. Yaxşı ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Onun təcrübəsi, idarəçilik bacarığı həm ölkə daxilində, həm də xaricdən ölkəyə olan müdaxiləyə qarşı çıxa bildi. Düşünürəm ki, bu dövrün ən dəyərli layihəsi “Əsrin müqaviləsi” idi. Hər bir insanın olduğu kimi, hər bir dövlətin də gücü bir növ onun kapitalıdır. Hər şeydən məhrum olan bir dövlət öz sərvəti hesabına kapital qazana bilirsə, bu, həmin dövlətin uğurudur. “Əsrin müqaviləsi” Azərbaycana bunu verdi, bu gün də verir. Baxın, Rusiya, Ermənistan Bakı-Tbilisi-Ceyhan xəttinin çəkilməyinin əleyhinə idi, eyni zamanda Qərb dövlətləri ilə İran arasında narazılıq var idi. Amma kiçik Azərbaycan dövləti və onun böyük rəhbəri bu müqaviləni imzalaya bildi və Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla bağlı bir müqayisə aparmaq istəyirəm. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Respublikasından fərqli olaraq bir neçə şeyi edə bilmədi. Məsələn, Konstitusiya qəbul edə bilmədi, Parlamentə seçkilər keçirə bilmədi, eyni zamanda, böyük hərbi məktəblər yarada bilmədi, o cümlədən Bakı neftini dünya bazarına çıxara bilmədi.  Bu sadalananların hamısını ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikası edə bildi.

- Anar müəllim, bəs sizcə az vaxtda bu qədər böyük işlər görən Azərbaycan Respublikası niyə ərazi bütövlüyünün təmin olunması üçün 20 ildən artıq bir dövr çalışsa da, buna nail ola bilmir?

- Çünki müharibəmiz Ermənistan adlanan kiçik bir dövlətlə deyil. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, hətta onlara verdiyimiz paytaxtı almaq da bizim üçün o qədər çətin deyil. Biz bu gün Ermənistanı silahla təmin edən, ona arxa, dayaq duran böyük Qərb dövlətləri ilə mübarizə aparırıq əslində.  Bütün bu illər ərzində qazandığımız güc imkan verəcək ki, bu məsələ də ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunsun. O xalq ki, müstəqillik nədir onu bilir, onun şirinliyini dadır, onu azadlıq yolundan heç nə ayıra bilməz. Bu şərtlə ki, həmin xalqın lideri, rəhbəri də o xalqın maraqlarını təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də  qoruya bilsin.

- Deyirlər, hər bir xalqın həyatında elə bir lider olur ki, həmin xalqı işıqlı bir gələcəyə aparır. Bu mənada dediyiniz kimi, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycan xalqının xilası oldu.

- Əgər ulu öndər Heydər Əliyev gəlməsə idi, Azərbaycanın bugünkü vəziyyətindən söhbət gedə bilməzdi. Bu, birmənalıdır. Bu məsələ ilə bağlı bir faktı oxucuların nəzərinə çatdırmaq istəyirəm.  70 illik Sovet dönəmində idarəçilikdə olan yeganə türk Heydər Əliyev olub. Baxın, Azərbaycandan Nəriman Nərimanov Moskvaya qədər getdi, taleyi çox faciəli oldu. İkinci Mircəfər Bağırovdur. O da Siyasi büroya namizəd oldu, amma bir tale yaşamadı. Bilirsiniz ki, 1956-cı ildə ona ölüm hökmü çıxarıldı. Qazaxıstanın birinci katibi Məhəmməd Kunayev. Siyasi büronun üzvü idi, ancaq Qazaxıstanı idarə edirdi. Özbəkistanın birinci katibi Rəşidov. O da siyasi büronun üzvlüyünə namizəd idi.  Amma yeganə türk Heydər Əliyev idi ki,  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü idi, eyni zamanda, dünyanın altıda bir hissəsini əlində tutan SSRİ kimi bir dövlətdə rəhbərlik funksiyasında idi.  Bu, birmənalı şəkildə belədir və müzakirə mövzusu deyil. O, imperiya qanunlarını çox yaxşı bilirdi.  1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin  hakimiyyətə qayıdışı əslində Azərbaycan xalqının qurtuluşu idi. Sovet dövründə Cənubi Qafqazın üçüncü dövləti Azərbaycan idi. Hətta büdcə ayrılanda  belə, Azərbaycan xalqının sayı Gürcüstandan çox olsa da, onlara ayrılan vəsait bizdən çox idi. Hər şey birinci Ermənistanda, Gürcüstanda olardı. Amma ümummilli lider Heydər Əliyev və siyasi davamçısı Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Cənubi Qafqaz deyiləndə ağıllara birinci Azərbaycan gəlir.

- Tarixçilərin məşhur bir sözü var. Deyirsiniz ki, keçmişini unudanın gələcəyi olmaz. Gənclərlə ünsiyyətdə olan bir insan kimi müasir Azərbaycan gəncliyinin öz tarixinə bağlılığını necə qiymətləndirirsiniz?

- Əgər bu sual konkret bir auditoriyaya aid verilsəydi, deyərdim ki, beş nəfər oxuyur, on nəfər oxumur. Bilirsiniz ki, dünyada ən böyük güc gənclikdir. Gənclik heç bir vaxt əsarət sevməz, kiminsə təsiri altında olmaz. Əminliklə deyirəm ki, bu gün Azərbaycan gəncliyi vətən üçün nə lazımdırsa edir. Sadəcə, 2016-cı ilin Aprel döyüşlərini yadımıza salaq. Şəhid olanların hamısı Azərbaycan gəncləridir. Mən özüm də yaşlı nəslin nümayəndəsi sayılıram, qoy qalanlar inciməsin bu sözümdən. Amma bu gün səngərdə Vətənin sərhədlərini qoruyan, şəhid olan, əsir düşən, yaralananlar da elə Azərbaycan gəncləridir. Torpağı düşməndən azad edən də elə Azərbaycan gənci olacaq. Azərbaycan gəncinin əlində qələm var. Savadlıdır, təhsillidir, sağlam düşüncəlidir. Ancaq yeri gəlsə, o qələmi silaha çevirib səngərdə durmağı, Vətənini son qanına qədər qorumağı da biləndir. Bu gənclik hər şeyə qadirdir.

Şəfiqə Dadaşova, “İki sahil”