“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
“İki sahil” xəbər verir ki, istiqrazların növbəti kupon ödənişi cari ilin 1 noyabr tarixində baş tutacaq.
3 ilə yaxındır yerli fond bazarında ən çox müraciət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR İstiqrazları 11-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 12 milyon 375 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.) Hazırda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi $47 milyonu ötüb. Bağlanmış əqdlərin sayı isə 800-dür.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bugünədək SOCAR İstiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub–saxlayır və 2016-cı ildən indiyədək investorlarına $37 milyondan çox gəlir qazandırıb. SOCAR İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda fəaliyyət göstərən rəsmi investisiya şirkətlərindən əldə edilə bilər. Məlumat üçün bildirmək istərdik ki, SOCAR İstiqrazları köşklərində yeni buraxılan ABB Bank səhmlərinə də abunə yazılmaq mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.