Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkəti magistratura ixtisası üzrə birgə təhsil proqramının təşkili barədə razılığa gəlib.
“İki sahil” xəbər verir ki, "Report" bu haqda "Özbəkneftqaz"a istinadla məlumat yayıb.
Bildirilir ki, belə bir razılıq SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin yekunları üzrə əldə olunub.
“Səfərin məqsədi 2023-cü il iyulun 18-də “Özbəknefteqaz” şirkəti ilə SOCAR arasında kadr hazırlığı sahəsində əməkdaşlığa dair imzalanmış Memorandumun icrasını təmin etmək olub. Səfər çərçivəsində SOCAR-ın nümayəndə heyəti, “Özbəkneftqaz”ın rəhbərliyi və kadrlar şöbəsinin nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub”, - məlumatda vurğulanıb.
Görüş zamanı tərəflər kadr hazırlığı sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparıb və imzalanmış Memorandumun ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
“Həmçinin, “Özbəkneftqaz” və SOCAR şirkətlərinin dəstəyi ilə Daşkənd Kimya-Texnologiya İnstitutu və Bakı Ali Neft Məktəbinin magistratura pilləsində birgə təhsil proqramının təşkili barədə razılıq əldə olunub”, - məlumatda bildirilib.
Birgə təhsil proqramına uyğun olaraq magistrlər 1 il Daşkənd Kimya-Texnologiya İnstitutunda, 1 il isə Bakı Ali Neft Məktəbində təhsil alacaq və hər iki təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.