18 iyul 2024 14:18
567

SOCAR karbon kreditlərinin növbəti satışına hazırlaşır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropa bazarında karbon kreditlərinin növbəti satışına hazırlaşır.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.

Onun sözlərinə görə, SOCAR karbon kreditləri ilə bağlı artıq layihə həyata keçirib və bu, uğurlu reallaşıb: "Bu proses sızmaların aşkarlanması və aradan qaldırılması çərçivəsində həyata keçirilib. Nəticədə əldə edilən azalma həcmləri Almaniya bazarlarında satılaraq, SOCAR tərəfindən təkrar "yaşıl layihələr"ə sərmayə kimi cəlb olunub".

M. Qurbanlı onu da qeyd edib ki, hazırda bu sahədə ikinci layihə həyata keçirilir: "Layihə çərçivəsində 170-dən çox sızma müəyyən edilib ki, onların aradan qaldırılması nəticəsində 60 min tondan çox karbon dioksidin emissiyasının azaldılması gözlənilir. Bunun nəticəsində də əldə olunan karbon kreditlərinin Avropada, Almaniya bazarında satışı nəzərdə tutulub".

Qeyd olunan sahədə Almaniyada qanunvericiliyin dəyişdiyini diqqətə çatdıran departament rəisi bildirib ki, yeni tələblər müəyyənləşdirilib və layihə bunlara uyğun olaraq təkmilləşdiriləcək.