Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda təlim-məşq toplanışları keçirir.
“İki sahil” xəbər verir ki, Palantökən dağı rayonunda idman mərkəzlərinin birində “Səbail”, “Araz-Naxçıvan” və “Neftçi” futbol klublarının futbolçuları yeni mövsümə hazırlaşır.
Burada, həmçinin Türkiyənin “Atakaç Hatayspor”, “EMS Yapı Sivasspor” və “Corendon Alanyaspor”, eləcə də Səudiyyə Ərəbistanının “Əl-Orobah” klubları məşq edir.
Tezliklə Səudiyyə Ərəbistanının “Əl-Hazem” və İranın “Sepaxan” və “İstiqlal” komandalarının Ərzuruma gəlişi gözlənilir.
“Səbail” FK-nın baş məşqçisi Şahin Diniyev yerli jurnalistlərə açıqlamasında komandasının ikinci dəfədir Ərzurumda təlim-məşq toplanışında olduğunu deyib: “Klubumuz yaxşı nəticələr göstərir, amma biz qarşımıza daha iddialı hədəflər qoyuruq. Belə təlim-məşq toplanışları futbolçular üçün çox faydalıdır”.
Baş məşqçi qeyd edib ki, Azərbaycanın futbol klubları tez-tez Antalya və Ərzurumda təlim-məşq toplanışları keçirir.