13 iyul 2024 09:32
303

İtaliya meteoroloji cəhətdən ikiyə bölünür

11 şəhər “qırmızı” kateqoriyaya daxil edilib

İtaliyanın şimalı fırtınalarla, cənubu isə həddindən artıq istilərlə mübarizə aparır.

“İki sahil” xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, yağış və tufanlar İtaliyanın şimal bölgələrində həyata mənfi təsir göstərsə də, mərkəzi və cənub hissələrində yüksək temperatur qeydə alınır.

Ölkə meteoroloji cəhətdən ikiyə bölünür. Ölkənin şimal bölgələrində yağış və tufan, mərkəzi və cənub bölgələrində isə yüksək temperatur təsirli olur.

Şimaldakı Lombardiya Bölgəsinin paytaxtı Milanda güclü külək və qoz böyüklüyündə güclü dolu avtomobillərə maddi ziyan vurub.

İtaliya-İsveçrə sərhəddində yerləşən Komo gölünün bəzi nöqtələrində son günlər yağan yağışlar nəticəsində suyun səviyyəsinin artması səbəbindən daşqınlar baş verib.

Bölgənin Varese şəhəri və ətrafında da təsirli olan fırtına zamanı çoxlu ağaclar aşıb, yüksək ərazilərdə yağan yağışlar səbəbilə bəzi nöqtələrdə sürüşmə baş verib, yolların bağlanmasına səbəb olub.

Digər tərəfdən, Afrikadan qaynaqlanan həddindən artıq istilərin təsiri ölkənin mərkəzi və cənub bölgələrində də davam edir.

Səhiyyə Nazirliyi həddindən artıq istilərlə əlaqədar bəzi şəhərlər üçün risk səviyyəsini yeniləməyə davam edir. Nazirlik həftəsonu mərkəzi və cənub bölgələrində 11 şəhəri “qırmızı” kateqoriyaya salaraq əhaliyə xəbərdarlıq edib.

İtaliyanın şimalı fırtınalarla, cənubu isə həddindən artıq istilərlə mübarizə aparır.

İyulun 13 və 14-də Ankona, Bolonya, Kampobasso, Florensiya, Frozinone, Latina, Perugia, Peskara, Rieti, Roma və Viterbo şəhərləri üçün "qırmızı" xəbərdarlıq elan edilib.

Havaların yüksək olması ilə əlaqədar sərinləmək və su almaq istəyənlər paytaxt Romada fəvvarələr qarşısında uzun növbələr yaradıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”