İndiyədək 200-ə yaxın xarici qonaq forumda iştirak etmək arzusunu bildirib
Özbəkistanın UZA xəbər agentliyi İkinci Şuşa Qlobal Media Forumu haqqında məlumat yayıb.
“İki sahil” xəbər verir ki, xəbərdə İkinci Şuşa Qlobal Media Forumunun bu il iyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Yalan məlumatların ifşası: dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcəyi yazılıb.
Qeyd edək ki, konfransda qeyri-obyektiv informasiya ilə bağlı qlobal problemlər, o cümlədən medianın mənəvi məsuliyyətinin artırılması, siyasət tədbirlərinin işlənib hazırlanması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya ekosisteminin gücləndirilməsində hökumətlərin və medianın mühüm rolunun müəyyənləşdirilməsi müzakirə olunacaq.
21-23 iyul 2023-cü il tarixlərində “Dördüncü Sənaye İnqilabında Yeni Media” mövzusunda keçirilən birinci Şuşa Qlobal Media Forumunda 50-dən çox ölkədən rəsmi şəxslər, vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, mətbuat və media azadlığının müdafiəçiləri, beynəlxalq təşkilatların əməkdaşları, alimlər, ekspertlər iştirak ediblər.
Bu dəfə proqramda dezinformasiyanın əhatə dairəsinin anlaşılması, təsirin qiymətləndirilməsi, qərəzli informasiyaya davamlı cəmiyyətin qurulması siyasəti və bununla bağlı təşəbbüslərin təhlili mövzularında sessiyalar və dəyirmi masa müzakirələri aparılıb.
Ekspertlər süni intellektin reallığa təsirini müzakirə edəcək, media savadlılığını artıracaq, iqlim dəyişikliyi ilə mübarizədə kütləvi informasiya vasitələrinin rolunu müəyyənləşdirəcəklər.
İndiyədək 200-ə yaxın xarici qonaq forumda iştirak etmək arzusunu bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”