Bu il oktyabrın 9-10-da Bişkekdə Türk dövlətlərinin iştirakı ilə süni intellekt məsələsinə həsr olunmuş sammit təşkil olunacaq.
“İki sahil” UzNews.uz-a istinadla xəbər verir ki, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu tədbir Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin Astanada keçirilən 10-cu sammitində iştirakının yekununda Qırğızıstan Prezidenti Sadir Japarovun qəbul etdiyi tədbirlər planı əsasında keçiriləcək.
“Qarşıdan gələn sammitdə əsas mühazirələrlə yanaşı, süni intellektlə bağlı aktual mövzuların müzakirəsi üçün açıq platformanın yaradılması, qabaqcıl təcrübələrin mübadiləsi, qarşılıqlı innovasiyaların təşviqi, əməkdaşlıq strategiyalarının hazırlanması və bu sahədə irəliləyişi təmin etmək üçün motivasiya xarakterli danışıqların aparılması üçün sessiyalar təşkil olunacaq. Sərgidə həm də tərəfdaşların layihələri, rəqəmsal şirkətlərin ən son inkişafları nümayiş etdiriləcək”, - məlumatda bildirilir.
Qeyd olunur ki, iştirakçılar “Süni intellekt və kibertəhlükəsizliyin gələcəyi”, “Məlumatlara əsaslanan qərarların qəbulunda süni intellektin rolu”, “Bulud texnologiyalarının optimallaşdırılması”, “Yerli süni intellektin yaradılması” kimi mövzularda fikir mübadiləsi aparacaqlar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”