12 iyul 2024 09:00
418

Bayden Ukrayna ilə təhlükəsizlik sazişləri imzalayan ölkələrin liderlərini bir araya gətirir

ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Ukrayna ilə təhlükəsizlik sazişi imzalayan 20-yə yaxın ölkənin liderləri ilə ayrıca görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edib.

Bayden administrasiyasının sözlərinə görə, bu təşəbbüs gələcək illərdə Ukraynaya dəstəyi təsdiqləmək məqsədi daşıyır.

NATO-ya üzv ölkələrin Ukrayna ilə müqavilələrində hərbi və maliyyə yardımı, habelə Ukrayna qoşunlarının təlimi ilə bağlı konkret müddəalar var. Bununla belə, müqaviləni imzalayanları Ukraynanın müdafiəsi üçün müharibəyə getməyə məcbur etmirlər.

Qeyd edək ki, Kiyev 12 iyul 2023-cü il tarixli G7-nin Ukraynaya dəstək haqqında Birgə Bəyannaməsinin bir hissəsi olaraq tərəfdaş ölkələrlə təhlükəsizlik sazişləri bağlayır. Ümumilikdə, Ukrayna Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Hollandiya, Finlandiya, Latviya, İspaniya, Belçika, Portuqaliya, İsveç, İslandiya, Norveç, Yaponiya, ABŞ, Avropa İttifaqı, Estoniya, Litva, Polşa, Lüksemburq və Rumıniya da daxil olmaqla, 23 belə ikitərəfli sənəd imzalayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”