Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 4 nəfər respublika vətəndaşını və bir əcnəbini saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"İyul ayında Astana, Çimkent, Atırau və Jambil vilayətlərinin şəhərlərində Milli Təhlükəsizlik Komitəsi prokurorluğun koordinasiyası və polisin köməyi ilə dini radikalların fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirib. Əməliyyatçılar terror fəaliyyətlərində iştirak etməkdə və terrorizmi təbliğ etməkdə, ekstremist fəaliyyətləri təşkil etməkdə və bu məqsədlər üçün şəxsləri cəlb etməkdə şübhəli bilinən 4 Qazaxıstan vətəndaşı və 1 əcnəbi saxlanılıb”, mətndə deyilir”.
Qeyd edilib ki, saxlanılan şəxslərin yaşayış yerlərindən külli miqdarda dini ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb: “Saxlanılanlardan biri xarici dövlətin ərazisində hərbi əməliyyatlarda iştirak etdiyinə görə əvvəllər mühakimə olunub. Daha iki nəfərə qarşı güclü narkotik vasitələrdən müntəzəm istifadə edilməsi barədə məlumatlar yoxlanılır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”