12 iyul 2024 01:50
1229

"Birləşdik - 2024"də ki… - ŞƏRH

Hər bir inkişaf etmiş ölkənin ordusu çalışır ki, öz arsenalını müasir hərbi texnikalarla zənginləşdirsin, onlardan baş çıxarmaq vərdişinə yiyələnsin. Bu prosesdə müxtəlif praktiki çalışmalar, döyüş hazırlığı məşğələləri, taktiki təlimlər mühüm rol oynayır. Bu mənada şəxsi heyətin döyüş qabiliyyətini, hazırlıq vəziyyətini yoxlamaq, eyni zamanda, peşəkarlığını yüksəltmək məqsədilə belə tədbirlərin keçirilməsi vacibdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsində, eləcə də 23 saat davam edən lokal antiteror əməliyatında Azərbaycan Ordusunun qələbəsini təmin edən əsas amillərdən biri məhz mütəmadi keçirdiyi belə tədbirlər olub. Bu məsələ bu gün də diqqət mərkəzindədir. Odur ki, Azərbaycan ordusu beynəlxalq səviyyəli, hətta bir neçə ölkənin iştirakı ilə  təşkil edilən  təlimlərə də üstünlük verir. Azərbaycan, Türkiyə və Pakistanın keçirdiyi birgə beynəlxalq təlim buna misal ola bilər. Şübhəsiz, Azərbaycan Silahlı Qüvvələrinin bugünkü inkişafı, ordunun təlimlərdə iştirak edərək öz döyüş potensialını artırması regionda təhlükəsizliyi təmin etmək istiqamətində atılan addımlardır.

Xəbər verildiyi kimi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminə başlanılıb. Təlimdə ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edirlər. Təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib. Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək. "Birləşdik - 2024"ün digər təlimlər kimi, ordumuzun daha da gücləndirilməsinə öz töhfəsini verəcəyini əminliklə demək olar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri genişləndirib, regional layihələr işə düşüb. Şübhəsiz, birgə hərbi təlimlərin keçirilməsi də bölgə ölkələri arasında ittifaqı daha da gücləndirəcək. Digər tərəfdən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi əməkdaşlığın dərinləşməsi bölgəni əhatə edən regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi üçün də vacibdir. Elə bu niyyətlə “Birləşdik-2024”-də.

Amma belə təlimlərə min bir oyundan çıxan təcavüzkar Ermənistan qısqanclıqla yanaşır. Hətta həmin təlimlərə siyasi don geyindirməyə cəhdlər edir. Məsələn, erməni politoloq Benyamin Matevosyan deyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)) üzvü olan ölkə öz ərazisində Azərbaycanın da iştirak etdiyi təlimlərə ev sahibliyi edir”. Bununla da  o, Ermənistanın da üzvü olduğu KTMT məkanında Azərbaycanın  iştirakı ilə belə təlimlər keçirməsini həzm edə bilməməsini bildirib. Bütün bunları  təhlükə kimi  dəyərləndirir. Xatırladaq ki, ölkəmizin ərazi bütövlüyünü tanıyan KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan daxildir.

Halbuki, dəfələrlə vurğulandığı kimi,  müstəqilliyini və süverenliyini tam bərpa etmiş, bölgəyə yeni reallıqlar bəxş etmiş Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. O, yalnız və yalnız öz ərazi bütövlüyünü qoruyub saxlamaqda maraqlıdır. Amma Ermənistanın niyyəti isə tamamilə başqadır: başqa ölkənin ərazilərini işğal etmək. Elə bu ölkə hazırda  özünü dünyaya sülhpərvər kimi göstərmək naminə min oyundan çıxır. Belə ki, təcavüzkar ölkənin utanıb-qızarmadan iyulun 15-dən 24-dək  “EAGLE PARTNER 2024” adlı hərbi təlim keçirmək fikrində olması bunu bir daha sübut edir.  Ermənistan Müdafiə Nazirliyinin yay­dığı məlumata görə, həmin təlimlərdə işğalçı ölkənin silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Av­ropa və Afrikadakı quru qüvvələrinin və Kanzas milli qvardiyasının hərbçiləri iştirak edəcəklər. Sən demə, bu ölkənin sülhməramlı qüvvələri də varmış. Sən demə, Xocalıda, eləcə də digər məkanlarda soyqırımlarını törətmiş, Azərbaycan ərazisinin 20 faizini otuz il ərzində viranəyə çevirmiş, minlətlə insanı yurd-yuvasından didərgin salmış Ermənistan sülh­məramlı missiyanı yerinə yetirə bilərmiş. Şübhəsiz, bu, olduqca gülməlidir. 

Xatırladaq ki, Ermənistan hələ də məkrli niyyətindən əl çəkməyib. Belə ki, təcavüzkar ölkə yalandan sülhü əllərində şüar edərək, Fransanın təhriki ilə silahlanmaqda davam edir. Bununla da Cənubi Qafqazı yenidən alovlara bürümək istəyir. Bu baxımdan Azərbaycan Ordusunun həyata keçirdiyi bu kimi tədbirləri həm də Ermənistandakı revanşistlərə xəbərdarlıq kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”