11 iyul 2024 16:42
323

Hərbi "səfərbərlik dəhlizi" yaradılır

Bolqarıstan, Rumıniya və Yunanıstan uyğunlaşdırılmış hərbi "səfərbərlik dəhlizinə" dair niyyət məktubu imzalayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias “X” platformasındakı paylaşımında qeyd edib.

Sənəd Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində, iyulun 10-da imzalanıb.

Dendias qeyd edib ki, onun təklifi əsasında hər üç nazir payızda Aleksandrupolisdə görüşərək planlaşdırılan fəaliyyətlərin həyata keçirilməsinə dair müzakirə aparacaqlar.

İyulun 11-də Bolqarıstan Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda koridorun NATO-nun çəkindiricilik və müdafiə potensialını artıracağı, ölkələr arasında hərbi səfərbərlik sahəsində əməkdaşlığı gücləndirəcəyi, həmçinin NATO və Aİ arasında əməkdaşlığı dərinləşdirəcəyi qeyd olunub. Bildirilib ki, niyyət məktubu Pan-Avropa Nəqliyyat Koridoru çərçivəsində İtaliya, Albaniya, Şimali Makedoniya və Bolqarıstan arasında, həmçinin Yunanıstan, Bolqarıstan və Rumıniya arasında hərbi səfərbərlik üçün uyğunlaşdırılmış dəhlizin tikilməsini nəzərdə tutur. (APA)