11 iyul 2024 15:45
322

Orban NATO sammitində Baydenlə görüşdən yayınıb - “The Guardian”

Macarıstanın baş naziri Viktor Orban NATO sammiti üçün Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə ikitərəfli görüş tələb etməyib.

“İki sahil” xəbər verir ki, bu haqda “The Guardian” öz mənbələrinə istinadla yazır.

Nəşrin həmsöhbətlərinin əlavə etdiyi kimi, Orban Baydenlə görüşdən yayınıb və sammitin ikinci günündə yalnız onun əlini sıxıb.

Qəzetin mənbələri Viktor Orbanın yaxın vaxtlarda ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşmək niyyətində olduğu barədə məlumatı da təsdiqləyib. Bu barədə daha əvvəl Bloomberg yazıb. “The Guardian” yazır ki, Donald Trampın cümə gününə qədər Floridada qalacağı, daha sonra isə Filadelfiyaya uçacağı gözlənilir. Nəşrin qeyd etdiyi kimi, iyulun 11-i Macarıstanın baş nazirinin görüşə uça biləcəyi yeganə gündür.

İyulun əvvəlində Viktor Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, bir neçə gün sonra isə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. İyulun 8-də Macarıstanın baş naziri Pekində səfərdə olub və orada Çinin sədri Si Cinpinlə danışıqlar aparıb. Çindən ABŞ-a yollanıb. Orban danışıqlar silsiləsini sülhməramlı missiya adlandırır. “El Pais” qəzetinin yazdığı kimi, Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda Macarıstanın baş naziri Rusiya ilə Ukrayna arasında danışıqların ilin sonuna qədər başlamasını təklif edib.